Təbriz Əmmayev: "Təbii qaz Azərbaycanın enerji keçidinin komponenti olacaq"
- 29 oktyabr, 2025
- 13:25
Təbii qaz Azərbaycanın enerji təhlükəsizliyi və keçidinin enerji komponenti olacaq.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun strategiya və dayanıqlıq üzrə müavini Təbriz Əmmayev Bakıda keçirilən XIII Beynəlxalq "Caspian Energy Forum 2025" tədbirində bildirib.
Onun sözlərinə görə, enerji keçidində əsas məqsəd heç də alternativ yanacağın tapılması deyil: "Məqsəd enerji istehsalı, paylanması, istehlakının idarə edilməsində yanaşmanın dəyişməsidir. Bu kontekstdə enerji keçidi mütləq şəkildə enerji təhlükəsizliyini riskə atmamalıdır və yaxud enerji təhlükəsizliyi enerji keçidini müəyyən qədər limitlənməlidir. Təqribən 10-12 il bundan öncə enerji keçidindən daha öndə olan enerji təhlükəsizliyi idi. Onun əsas komponenti olaraq da həmin dövrdə istər ölkə daxilində, istər də ixrac perspektivindən baxanda təbii qazdan bəhs olunurdu. Lakin texnologiyanın inkişafı, artan geosiyasi məsələlər, çağırışlar, iqlim dəyişikliyi fonunda artıq enerji təhlükəsizliyi bir qədər enerji keçidi mövzusuna çevrildi. Bundan sonrakı 10 ildə hansı mövzu olacaq demək bir qədər çətindir, lakin əminliklə deyə bilərik ki, həmin bu yeni yanaşmanın da enerji komponenti təbii qaz olacaq".
"Azəriqaz" rəsmisi qeyd edib ki, enerji keçidinin balanslı şəkildə aparılmaması müəyyən ziddiyyətlərə gətirib çıxara bilər: "Təbii qaz körpü yanacaqdır və enerji keçidini düzgün və etibarlı şəkildə reallaşması üçün əsas seçimlərdən biridir. O, kömür və mazutla müqayisədə 40-50 % daha az karbon emissiya edir. Əsasən, metan yanmasından ibarətdir ki, burada da karbon və hidrogen ayrılır və istili itkisi az olur. Digər tərəfdən qaz halında olduğu üçün yandıqda his, kül və bərk tullantılar olmur. İstər məişətdə, istər sənayedə, istərsə də elektrik enerjisi sistemində təbii qazın rolu artacaq. Çünki külək, günəş enerjisi idarə oluna bilməyən və dəyişən mənbələrdir. Onların balanslaşdırılması üçün güclü saxlanma texnologiyalar inkişaf etməlidir ki, bu da kommersiya cəhətdən əlverişli deyil və zamana ehtiyacı var. Bu dövrü kompensasiya edəcək yanaşma isə əlbəttə təbii qazdır".