TAP-ın kommersiya istismarı dövründə İtaliyaya 42 milyard kubmetrə yaxın qaz tədarük edib

Energetika
  • 01 sentyabr, 2025
  • 12:50
TAP-ın kommersiya istismarı dövründə İtaliyaya 42 milyard kubmetrə yaxın qaz tədarük edib

Trans-Adriatik Boru Kəməri (TAP) 2020-ci ilin dekabr ayının sonunda kommersiya istismarına başlandığı vaxtdan İtaliyaya 41,7 milyard kubmetrdən çox qaz tədarük edib.

"Report" xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG konsorsiumunun məlumatında bildirilb.

 "TAP kommersiya istismarına başladığı vaxtdan Avropaya 50 milyard kubmetr təbii qazı tədarük edib. Bu əhəmiyyətli nailiyyət bir daha TAP-ın Avropaya etibarlı və şaxələndirilmiş qaz təchizatının təmin edilməsində rolunu nümayiş etdirir. Eyni zamanda rəqabəti gücləndirərək Cənub-Şərqi Avropada dekarbonizasiyaya töhfə verir", - məlumatda qeyd olunub.

Konsorsiumun məlumatına görə, kommersiya istismarına başladığı vaxtdan TAP İtaliyaya 41,7 milyard kubmetrdən, Yunanıstana 4,8 milyard kubmetrdən və Bolqarıstana 3,2 milyard kubmetrdən çox qaz tədarük edib.

 "50 milyard kubmetrə çatmaq sadəcə mühüm bir mərhələ deyil, bu, TAP-ın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində və iqlimlə bağlı hədəflərə nail olunmasında strateji rolunun əyani təsdiqidir. Yeni mənbədən və yeni marşrut üzrə təhlükəsiz və etibarlı qaz təchizatını təmin edərək, TAP Cənub-Şərqi Avropanın enerji balansını diversifikasiya etməyə və ağır növ qalıq yanacaqlardan asılılığı azaltmağa, həmçinin fəaliyyətimizin dekarbonizasiyası yolunda irəliləməyə kömək edib", - TAP AG-nin idarəedici direktoru Luka Skieppati bildirib.

O qeyd edib ki, 2026-cı ilin əvvəlindən ildə 1,2 milyard kubmetr artacaq TAP-ın ötürücülük qabiliyyətinin genişləndirilməsinin birinci mərhələsi artıq həyata keçirilir və bu, daha böyük nəticələrə nail olmağa imkan verəcək: "Bu, bazar sınaqları çərçivəsində ötürücülük qabiliyyətinin daha da genişləndirilməsinə yol aça bilər".

Qeyd edək ki, Azərbaycan qazının Avropaya tədarükü 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə başlayıb.

TAP-ın ümumi uzunluğu 878 km-dir. Bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan və Avropa İttifaqı arasında əldə olunmuş razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya tədarük həcmi ildə minimum 20 milyard kubmetrə çatmalıdır. TAP-ın genişləndirilməsinin birinci mərhələsi çərçivəsində İtaliya 1 milyard kubmetr, Albaniya isə 200 milyon kubmetr Azərbaycan qazı alacaq.