SOCAR "Samsung E&A Co., Ltd." ilə regional sənaye mərkəzinin yaradılmasını planlaşdırır

Energetika
  • 25 fevral, 2026
  • 13:35
SOCAR Samsung E&A Co., Ltd. ilə regional sənaye mərkəzinin yaradılmasını planlaşdırır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Cənubi Koreyanın "Samsung E&A Co., Ltd." şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Samsung E&A Co., Ltd." şirkətinin prezidenti və baş icraçı direktoru Honq Namkunq ilə enerji sahəsində tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsi imkanları barədə müzakirələr aparılıb.

Görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes və investisiya mühiti haqqında məlumat verilib. Ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına və qlobal dəyər zəncirlərinə inteqrasiyası baxımından görülən işlər diqqətə çatdırılıb, əməkdaşlıq imkanları qeyd olunub.

Sənəd enerji aktivlərinin səmərəliliyinin artırılması, istehsalın lokallaşdırılması, regional sənaye mərkəzinin yaradılması, insan kapitalının inkişafı və karbonsuzlaşma üzrə əməkdaşlıq perspektivlərinin araşdırılmasını nəzərdə tutur", - M. Cabbarov qeyd edib.

Onun sözlərinə görə, sənədin icrası yerli şirkətlərin qlobal dəyər zəncirinə inteqrasiyası baxımından da əhəmiyyət daşıyır.

Qeyd edək ki, dünyanın ən böyük transmilli konqlomeratlarından olan "Samsung Group"un törəmə şirkəti "Samsung E&A Co., Ltd." qlobal mühəndislik, satınalma və tikinti (EPC) podratçısıdır. Şirkət texniki-iqtisadi əsaslandırma (FS), detallı mühəndislik, satınalma, tikinti, istismaravermə (commissioning) və layihə idarəetməsi daxil olmaqla inteqrə olunmuş xidmətlər təqdim edir. "Samsung E&A Co., Ltd." hidrokarbonlar və enerji infrastrukturu üzrə neft və qaz emalı zavodları, neftayırma və neft-kimya kompleksləri, qaz emalı və yardımçı infrastruktur obyektlərini layihələndirir və həyata keçirir. Şirkət Yaxın Şərq, Asiya və digər strateji enerji bazarlarında iri miqyaslı layihələrdə təcrübəyə malikdir.

Son xəbərlər

Bütün Xəbər Lenti