SOCAR Qazaxıstanda "Dunqa" yatağının işlənməsi layihəsinə daxil ola bilər - EKSKLÜZİV

Energetika
  • 14 oktyabr, 2025
  • 13:53
SOCAR Qazaxıstanda Dunqa yatağının işlənməsi layihəsinə daxil ola bilər - EKSKLÜZİV

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstanda "Dunqa" yatağının işlənməsi layihəsində iştirak etməyə maraq göstərib.

Bu barədə "Report"a Qazaxıstanın energetika nazirinin müavini Sanjar Jarkeşov məlumat verib.

Nazir müavini qeyd edib ki, Qazaxıstan və Azərbaycanın energetika nazirlikləri "KazMunayQaz" (KMQ) və SOCAR milli şirkətləri arasında neft kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində fəal iş aparır.

"Potensial birgə layihələrin geniş spektrini müəyyən edən memorandum imzalanıb. Xüsusilə Manqistau vilayətində yerləşən "Dunqa" yatağı ilə bağlı SOCAR layihəyə daxil olmaq istəyini bildirib. Hazırda intensiv danışıqlar aparılır və biz Azərbaycanın Energetika Nazirliyindən onların nəticələrini gözləyirik. Qazaxıstan öz tərəfindən hərtərəfli dəstək göstərməyə hazırdır", - S.Jarkeşov bildirib.

Qeyd edək ki, "Dunqa" neft-qaz yatağı Manqistau vilayətinin Tupkaraqan rayonunda yerləşir. Yatağın geoloji ehtiyatları 106 milyon ton neft və 6 milyard kubmetrdən çox qaz təşkil edir. Yataq 1966-cı ildə kəşf edilib.

"Dunqa" layihəsi "Oman Oil Company Limited" ilə Qazaxıstan hökuməti arasında 1 may 1994-cü ildə imzalanmış Hasilatın Pay Bölgüşü Sazişi çərçivəsində həyata keçirilir. 2023-cü ildə KMQ Fransanın "TotalEnergies" konsernindən layihədə 60 % iştirak payını əldə edib. Sövdələşmə çərçivəsində əməliyyat şirkətinin adı "Dunga Operating GmbH" olaraq dəyişdirilib. Hazırda layihənin iştirakçıları "KazMunayQaz" (60 %), "Oman Oil Company Limited" (20 %) və "Partex Kazakhstan Corporation" (20 %) şirkətləridir, birlikdə "podratçı" adlandırılırlar. Layihənin operatoru "Dunga Operating GmbH"dir.

Son xəbərlər

Bütün Xəbər Lenti