SOCAR-ın Türkiyədəki şirkəti bu ölkədə yanacaq satışlarına başlayıb

Energetika
  • 03 mart, 2022
  • 14:01
SOCAR-ın Türkiyədəki şirkəti bu ölkədə yanacaq satışlarına başlayıb

Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Türkiyə” şirkətinin törəmə şirkətlərindən biri olan “SOCAR Marine” öz fəaliyyət sahəsinə daxili dəniz yanacağı bazarını əlavə edərək, bu çərçivədə Mərmərə, Egey və Aralıq dənizlərində satışa başlayıb.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2013-cü ildən fəaliyyətini davam etdirən və illik 700 min tona çatan “SOCAR Marine” yerli sərnişin və yük gəmilərindən turizm gəmilərinə, balıqçılardan dövlət qurumlarına qədər geniş çeşiddə müştərilərin ehtiyaclarına qısa zamanda cavab verəcək.

“SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin rəhbəri və “Petkim”in Baş direktoru Anar Məmmədov bildirib ki, “SOCAR Marine” beynəlxalq dəniz yanacağı bazarında Türkiyə limanları Cəbəllütariqdən Sinqapura, Rotterdamdan Cənubi Afrikaya qədər bütün beynəlxalq limanlarda, eləcə də fiziki təchizatda üstün xidmət təklif edir: “Şirkət Hopadan İskəndəruna qədər bütün limanlarda daxili bazarda anlayışını yaymağı hədəfləyir. “SOCAR Marine” 2021-ci ildən etibarən bu çərçivədə sərmayələr yatıraraq daxili bazarda əvvəlcə Mərmərə və Ege, sonra isə Aralıq dənizində dəniz yanacağını satmağa başlayıb. Yanvar ayından Trakya və Qərbi Qara dəniz regionunda tədarük etməyə başlayan “SOCAR Marine” quru və dəniz yolu ilə müştərilərinin ehtiyaclarına uyğun tam xidmət göstərməyi və rəqabətçi yanaşması ilə daxili bazarda fərq yaratmağı hədəfləyir”.

İllik təxminən 450 min tona çatan daxili bazarda həm dəniz, həm də quru tankerləri ilə kiçik balıqçı qayıqlarından neft tankerlərinə qədər geniş müştəri portfelini təmin edən “SOCAR Marine” fəaliyyət sahəsini genişləndirərək əhaliyə dəniz yanacağı tədarük etməyə başlayıb.

2022-ci ilin yanvar ayından etibarən iki mühüm dövlət qurumunun yanacaq təchizatı “SOCAR Marine” tərəfindən təmin edilir. Şirkət infrastrukturunu artıraraq beynəlxalq dəniz yanacağı bazarında əldə etdiyi güclü və uğurlu mövqeyə çatmaq məqsədilə bu bazarda fərq yaradan və sektorun ehtiyac duyduğu xidməti, kommersiya şərtlərini və keyfiyyəti müştərilərinə təqdim etməklə yanaşı, insan resurslarına da sərmayələr yatırır.