SOCAR gələn il büdcəyə 1 milyard dollar vergi ödəməli olacaq
- 01 noyabr, 2022
- 13:25
2023-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dövlət büdcəsinə 1 milyard 650 milyon manat (təxminən 1 milyard ABŞ dolları) vergi ödəyəcəyi gözlənilir.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının (HP) “Büdcə zərfi"nə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, büdcənin neft gəlirlərinin 10,1%-ni təşkil edəcək. Bundan başqa, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) büdcəyə 11 milyard 280 milyon manat transfert edəcək. Neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü Sazişlərindən mənfəət vergisi 492 milyon manat, “Şahdəniz” yatağından hasil edilən təbii qazın ixracı üzrə mənfəət vergisi isə 2 milyard 875 milyon manat təşkil edəcək.
2023-cü ildə dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dolları (2022-ci ildə ilkin olaraq 50 ABŞ dolları, dürüstləşmiş büdcədə 85 ABŞ dolları) nisbətində götürülüb.