SOCAR aparıcı enerji şirkətləri arasında mövqeyini gücləndirmək barədə planlarını açıqlayıb

Energetika
  • 30 sentyabr, 2025
  • 13:46
SOCAR aparıcı enerji şirkətləri arasında mövqeyini gücləndirmək barədə planlarını açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) innovasiya və rəqəmsal transformasiyaya əsaslanaraq enerji sektorunun aparıcı şirkətləri arasında öz mövqeyini gücləndirmək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov Bakıda "PASHA Holding" tərəfindən təşkil edilən "INMerge 2025" İnnovasiya Sammiti çərçivəsində bildirib.

Onun sözlərinə görə, innovasiyalar SOCAR üçün əməliyyat və iqtisadi səmərəliliyi artırmaqla yanaşı, həm də ekoloji dayanıqlılıq istiqamətində irəliləməyə kömək edən əsas alətə çevrilir.

"Milli enerji şirkəti olaraq, qarşımıza strateji hədəf qoyuruq - sənayenin liderləri sırasına daxil olmaq və maraqlı tərəflər üçün maksimum dəyər yaratmaq. İnnovasiyalar həm əməliyyat, həm də iqtisadi müstəvidə daha effektiv, həmçinin daha ekoloji olmağımıza imkan verən bir alətdir", - o qeyd edib.

K.Nəcəfov vurğulayıb ki, SOCAR bu sahədə iki əsas istiqamət həyata keçirir və birinci istiqamət rəqəmsal transformasiya ilə bağlıdır:

"SOCAR bir müəssisə deyil, yüzlərlə müəssisədir. Müxtəlif biznes bölmələrində süni intellektdən robotlaşdırmaya və böyük məlumatların təhlili metodlarına qədər hər şeyi tətbiq edirik. Bu kimi texnologiyalar həm əməliyyat, həm də ekoloji səmərəliliyi artırır. İnkişaf üçün məkan varmı? Bəli, şübhəsiz. Miqyas nəhəngdir. Bu yolda irəliləyiş əldə etmişikmi? Bəli, qətiyyətlə".

Onun sözlərinə görə, ikinci istiqamət innovasiya yol xəritəsidir.

"Burada söhbət təkcə texnologiyalardan deyil, həm də mədəni dəyişikliklərdən gedir. Buraya şirkət daxilində və xaricində ideyaların axtarışı, onların universitetlərlə, analitik mərkəzlərlə, innovasiya agentləri, klasterləri və dövlət qurumları ilə müzakirəsi daxildir. İnnovasiyalarla əlaqəli olan hər bir şey diqqət mərkəzimizdədir", - K.Nəcəfov vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti