Səngəçal terminalından "Şahdəniz" qazının ixracı artıb
- 06 noyabr, 2025
- 13:48
Bu ilin yanvar-sentyabr aylarında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" yatağından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına təqribən 159 milyon barel neft və kondensat ixrac edilib.
"Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin tərəfdaşları ilə birgə 2025-ci ilin üçüncü rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.
Məlumata görə, bu 2024-cü ilin 9 ayının göstəriciləri ilə müqayisədə 7 milyon və ya 3,5 % azdır.
İlin 9 ayı ərzində o cümlədən 159 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə ixrac edilib ki, bu da ötən ilin üç rübü ilə müqayisədə 6 milyon və ya 4,2 % azdır.
Bu ilin 9 ayı ərzində terminaldan həmçinin gündəlik orta hesabla 74,5 milyon kubmetrdən çox (təqribən 2 milyard 629 milyon kubfutdan çox) "Şahdəniz" qazı ixrac edilib. Bu da 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,5 milyon kubmetr və ya 0,7 % çoxdur.
Qeyd edək ki, neft və qaz Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və "Şahdəniz" qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.