"Şəfəq" GES-in istismara veriləcəyi vaxt açıqlanıb
- 16 aprel, 2026
- 16:07
Cəbrayıl rayonundakı "Şəfəq" Günəş Elektrik Stansiyasının (GES) gələn ilin ortalarında istismara verilməsi gözlənilir.
"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.
Onun sözlərinə görə, 2020-ci ilin noyabrın sonlarında BP azad edilmiş ərazilərə 200 milyon ABŞ dolları investisiya qoymaq barədə qərarını elan edib: "Bu, çox vacib və tarixi məqam idi. Biz uzun müddət bunun üzərində işlədik və maksimum dərəcədə sürətlə çalışdıq".
C.Abdullayev deyib ki, "yaşıl enerji" ilə bağlı təşviq mexanizmləri texniki baxımdan müəyyən çətinliklər yaradıb: "Amma biz onların faydasını hesablamalıyıq. Başa düşməliyik ki, investor nə qədər bizə fayda verir, onları Azərbaycanın iqtisadi maraqları baxımından optimallaşdırmalıyıq. Amma istənilən halda bu, axının bir başlanğıcı idi. Təbii ki, bu sahəyə sərmayə qoyulduqca, digər şirkətlər də həmin ərazilərdə bərpa-quruculuq işləri görüb".