"Qarabağ" yatağında seysmik kəşfiyyat işlərinə dekabrda başlanılacaq

Energetika
  • 20 oktyabr, 2025
  • 09:54
Qarabağ yatağında seysmik kəşfiyyat işlərinə dekabrda başlanılacaq

Bu ilin dekabrın 1-də "Qarabağ" layihəsi üzrə seysmik tədqiqat proqramına başlanılacaq.

"Report" "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, seysmik tədqiqatın 3,5 ayadək davam edəcəyi planlaşdırılır.

Layihə üzrə seysmik tədqiqat proqramına dənizdibi sensor qovşaqlarla (OBN) seysmik tədqiqat və yüksək dəqiqlikli (HR)/ultra yüksək dəqiqlikli (UHR) seysmik tədqiqat daxildir.

Məlumata əsasən, HR/UHR tədqiqatın isə 2026-cı ilin mart-aprel aylarında həyata keçiriləcəyi və 45 günədək davam edəcəyi nəzərdə tutulur. OBN seysmik tədqiqatın yataq haqqında daha dərin məlumatların əldə olunmasına, quyuların planlaşdırılmasına və yatağın işlənmə strategiyalarının təkmilləşdirilməsinə imkan yaradacağı gözlənilir. HR/UHR seysmik tədqiqatın əsas məqsədi quyu bütövlüyünə təsir göstərə biləcək geoloji riskləri, eləcə də platformanın və digər infrastrukturun təhlükəsiz şəkildə quraşdırılmasına maneə törədə biləcək yeraltı təhlükələri müəyyənləşdirməkdir.

Mənbə sahəsi 500 kvadrat kilometr, qovşaq sahəsi isə 248 kvadrat kilometr olacaq. Tədqiqat dənizin 140-200 metr dərinliyində aparılacaq.

"Qarabağ" müqavilə sahəsində OBN tədqiqatı üçün gözlənilir ki, dənizdibi qovşaqların suya endirilməsində "Quba" gəmisindən istifadə ediləcək və seysmik mənbə gəmisi kimi "Murovdağ" gəmisindən istifadə ediləcək Qarabağ" müqavilə sahəsində OBN tədqiqatının logistikası Tədqiqat proqramına bu əsas fəaliyyətlər / fazalar daxil olacaq: tədqiqat gəmilərinin mobilizasiyası, qəbuledicilərin və seysmik mənbənin suya endirilməsi, proqramın əsas hissəsini təşkil edəcək məlumat toplama prosesi, avadanlığın sudan çıxarılması və demobilizasiya.

Xatırladaq ki, 2025-ci il iyunun 3-də Bakı Enerji Həftəsi çərçivəsində BP Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə iki layihədə iştirak paylarının alınmasına dair müqavilələr imzalayıb. Birinci layihə Bakıdan 120 km şərqdə, "Günəşli" yatağından 20-25 km aralıda, 150-200 metr dərinlikdə yerləşən "Qarabağ" yatağıdır. İkincisi, Bakıdan 90-110 km şimal-şərqdə, 80-180 metr dərinlikdə yerləşən perspektivli "Əşrəfi-Dan Ulduzu-Aypara" (ADUA) blokudur.

Bu layihələrin hər birində BP SOCAR-dan 35 % pay alıb, qalan 65 % isə Azərbaycan dövlət şirkətində qalıb. BP hər iki layihənin operatoru kimi çıxış edəcək.

İlkin hesablamalara görə, "Qarabağ" yatağında geoloji neft ehtiyatları 60 milyon tondan artıqdır ki, bunun da 21 milyon ton nefti və 13 milyard kubmetr qazı çıxarıla bilən hesab olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti