Qara Dəniz Kabel Layihəsi Aİ-dən hüquqi və maliyyə dəstəyi alacaq
- 02 dekabr, 2025
- 18:01
Avropa Komissiyası 2035-ci ilədək Avropa İttifaqı (Aİ) ilə həmsərhəd regionlarda enerji bağlantılarının gücləndirilməsinə yönəlmiş layihələrə geniş dəstək verəcəyini açıqlayıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bununla bağlı rəsmi bəyanat yayıb.
Nazirliyin məlumatına görə, Gürcüstan və Rumıniyanın 2024-cü ilin sonunda qarşılıqlı maraq doğuran layihə statusu almaq üçün birgə təqdim etdiyi Qara Dəniz Sualtı Kabel Layihəsi Avropa Komissiyasının dərc etdiyi siyahıya daxil edilib.
Bildirilib ki, layihə təqdim edilərkən Avropa Enerji İttifaqının dəstəkləyici sənədi də əlavə olunub ki, bu da layihənin strateji əhəmiyyətini bir daha təsdiqləyir.
Bu ilin dekabrın 1-də Avropa Komissiyası səlahiyyətli normativ akt qəbul edərək qarşılıqlı və ikitərəfli maraq doğuran layihələrin siyahısını təsdiqləyib və sənədi Avropa Parlamenti və Avropa Şurasına təqdim edib. Aİ qanunvericiliyinə əsasən, belə status alan layihələr hüquqi, maliyyə və strateji baxımdan birbaşa dəstək alır.
Nazirlik qeyd edir ki, layihə Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğu tərəfindən texniki-iqtisadi əsaslandırma mərhələsindən keçib və bu, onun "əhəmiyyətini, ehtiyacını və böyük potensialını" sübut edib.
"Qara Dəniz Kabel Layihəsinin qarşılıqlı maraq doğuran layihə siyahısına daxil edilməsi, onun strateji, hüquqi və iqtisadi dəstək alacağını təmin edir. Bu, layihəni dəstəkləməyə hazır olduğunu təsdiqləyən ilk hüquqi sənəddir", – açıqlamada bildirilir.
Qurum əlavə edib ki, sənəd təsdiqləndiyi təqdirdə layihə Aİ-nin enerji qanunvericiliyinə tabe olacaq və bununla da Avropa İttifaqının xüsusi qrant proqramlarına çıxış imkanı yaranacaq. Bu isə layihənin maliyyələşdirilməsini və investisiya modelinin formalaşdırılmasını asanlaşdıracaq.
Qeyd edək ki, Qara Dəniz Sualtı Kabel Layihəsi Gürcüstan və Avropanın elektrik sistemlərini birləşdirəcək təxminən 1 155 km-lik (1 115 km sualtı və 40 km yerüstü) yüksək gərginlikli enerji ötürmə xəttinin inşasını nəzərdə tutur. Layihənin gücü 1 300 MVt olacaq və Cənubi Avropanın enerji təhlükəsizliyini gücləndirəcək, Qafqaz regionunun tranzit potensialını artıracaq və bərpa olunan enerji ixracına geniş imkan yaradacaq.
2024-cü ilin iyulunda İtaliyanın CESI şirkəti layihənin texniki və iqtisadi baxımdan mümkün olduğunu təsdiqləyib. Layihə həmçinin ENTSO-E-nin 2026–2036-cı illər üçün Onillik İnkişaf Planına (TYNDP) daxil edilib.