Pərviz Şahbazov: Azərbaycanla ABŞ-nin enerji tərəfdaşlığı yeni strateji mərhələyə qədəm qoyub

Energetika
  • 12 dekabr, 2025
  • 01:36
Pərviz Şahbazov: Azərbaycanla ABŞ-nin enerji tərəfdaşlığı yeni strateji mərhələyə qədəm qoyub

Azərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ səfəri çərçivəsində Birləşmiş Ştatların qabaqcıl ali təhsil ocağı olan Corc Vaşinqton Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edib.

"Report"un ABŞ bürosu xəbər verir ki, nazir çıxışında Ümummilli Liderin Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlərindən danışıb.

O qeyd edib ki, Heydər Əliyevin Birləşmiş Ştatlarla etibarlı və sabit tərəfdaşlıq yaratmağa xidmət edən səyləri nəticəsində enerji, təhlükəsizlik və iqtisadi əməkdaşlığın strateji çərçivəsi formalaşıb:

"Heydər Əliyevin strateji düşüncəsinin məhsulu olaraq 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycan-ABŞ enerji tərəfdaşlığının ilk nailiyyəti, Xəzər dənizinin enerji resurslarının beynəlxalq bazarlara çıxarılması ilə bağlı bütün proseslərdə ABŞ-nin yaxından iştirakının başlanğıcı kimi qiymətləndirilib".

"Əsrin müqaviləsi"nin ardınca Ağ Evdə hər iki ölkənin neft şirkətləri arasında dörd müqavilənin imzalanması, həmçinin ABŞ-nin dəstəyi ilə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi layihələrinin reallaşması enerji tərəfdaşlığımızın uğurlu nümunələri kimi qeyd olunub.

Həmçinin vurğulanıb ki, Ümummilli Liderin irsinin layiqli davamçısı kimi Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın liderliyi ilə hazırda iki ölkə arasında münasibətlər möhkəmlənir, enerji tərəfdaşlığı isə yeni strateji mərhələyə qədəm qoyub.

Tədbirdə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, ADA Universitetinin rektoru Hafiz Paşayev, millət vəkili, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov da çıxış edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilən "İz" filmi nümayiş olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti