Nazir: "2030-cu ilə qədər ümumi gücü 2,7 GV olan külək və günəş elektrik stansiyalarının tikintisi planlaşdırılır"
- 30 sentyabr, 2025
- 10:57

Azərbaycanda 2030-cu ilə qədər şəbəkənin maksimum inteqrasiya potensialına uyğun olaraq ümumi gücü 2,7 GV olan külək və günəş elektrik stansiyalarının tikintisini planlaşdırılır.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) 2-ci günündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu addım ölkəmizdə quraşdırılmış bərpa olunan enerji gücünü üç dəfə artıraraq 4 GV-a çatdıracaq və 3,2 milyon ton istixana qazı emissiyasının qarşısını alacaq: "Növbəti iki il ərzində 10 yeni elektrik stansiyası şəbəkəyə inteqrasiya ediləcək, 2 GV bərpa olunan enerjini idarə etmək üçün isə gücü 250 MVt, saxlama həcmi isə 500 MVt/saat olan batareya sistemləri tətbiq olunacaq. Bu stansiyalardan biri – 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının noyabr ayında istismara verilməsi planlaşdırılır".
Nazir qeyd edib ki, 2030-cu ilə qədər Qarabağ və Şərqi Zəngəzurda hidro, günəş, külək elektrik stansiyaları və damüstü panellər vasitəsilə enerji istehsal gücü 1,6 GV-a çatacaq: "Bu layihələr nəticəsində Azərbaycanın bu böyük regionu istehlak etdiyindən iki dəfə çox yaşıl elektrik enerjisi hasil edəcək və 2 milyon tondan artıq emissiyanın azaldılmasına imkan verəcək. Bu regionların "Yaşıl Enerji Zonası" kimi inkişafı iqlim fəaliyyətinə güclü dəstək verir".