"Özbəknefteqaz" SOCAR ilə hasilatın pay bölgüsü sazişində üçüncü tərəfləri iştiraka dəvət edir

Energetika
  • 02 oktyabr, 2025
  • 13:27
Özbəknefteqaz SOCAR ilə hasilatın pay bölgüsü sazişində üçüncü tərəfləri iştiraka dəvət edir

"Özbəknefteqaz" ASC 2025-ci ilin yayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə imzalanmış hasilatın pay bölgüsü sazişində (HPBS) iştirak üçün üçüncü tərəfdaşları dəvət edir.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə "Özbəknefteqaz" ASC İdarə Heyətinin sədri Baxodirjon Sidikov XVI "Kazenergy" Avrasiya Forumunda "Yeni enerji nizamı: fövqəl olmayan dövlətlərə önəm" mövzusunda çıxışı zamanı bildirib. Saziş Üstyurt bölgəsində geoloji kəşfiyyatı və sonrakı hasilatı nəzərdə tutur.

"Biz yaxın zamanda SOCAR ilə əməkdaşlığa başladığımızı elan etdik. Eyni zamanda, üçüncü tərəfdaşları da bu əməkdaşlığa dəvət edirik. Bu, sazişimizin bir hissəsi olacaq", - o qeyd edib.

B.Sidikov bildirib ki, Özbəkistanda kifayət qədər uzun müddətdir təbii qaz hasilatının azalması müşahidə olunur. "Bununla belə, müasir texnologiyaların, ixtisaslı mütəxəssislərin, etibarlı tərəfdaşların mövcudluğu ilə vəziyyəti artıq bu il yaxşılaşdırmaq imkanı mövcuddur. İlk növbədə, söhbət qabaqcıl texnologiyaların tətbiq olunduğu yeni geoloji-kəşfiyyat işlərindən və investisiyalardan gedir. Artıq bu ildən başlayaraq müəyyən müsbət dəyişikliklər görürük: Üstyurd yaylasında yeni yataqlar aşkar edilib", - o bildirib.

Xatırladaq ki, 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və "Özbəkneftqaz" Üstyurt neft-qaz regionunun investisiya bloklarında (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan hasilatın pay bölgüsü sazişini imzalayıblar.

Sazişin şərtlərinə uyğun olaraq, ən azı min kv. km sahədə 3D seysmik kəşfiyyat işlərin aparılması və nəticələrə əsasən bir quyuda geoloji kəşfiyyat işlərinə başlanılması planlaşdırılır.

Proqnozlara görə, Üstyurt bloklarında 100 milyon ton neft və 35 milyard kubmetr təbii qaz ehtiyatı olan yataq tapıla bilər. Layihənin ümumi investisiya dəyəri 2 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti