OPEC+ razılaşması Azərbaycanda və regionda neft hasilatını azaldıb

Energetika
  • 25 sentyabr, 2025
  • 12:52
OPEC+ razılaşması Azərbaycanda və regionda neft hasilatını azaldıb
Tamara Safonova

OPEC+ razılaşması Azərbaycanda və regionda neft hasilatının azalmasına səbəb olub.

"Report" xəbər verir ki, bunu "NAANS-Media"nın icraçı direktoru Tamara Safonova Bakıda "Xəzər və Mərkəzi Asiya - neftemalı, neft-kimyası, ticarət, logistika" mövzusunda keçirilən tədbirdə deyib.

"Qazaxıstan 2023-cü ildə neft hasilatını 90 milyon tona çatdırsa da, 2024-cü ildə azalma qeydə alınıb ki, bu da kvotalara uyğun addımdır. 2023-cü illə müqayisədə hasilat təxminən 3 % geriləyib. 2024-cü il yanvarın 1-dən 2025-ci ilin avqustuna qədər OPEC və OPEC+ ölkələrinin göstəricilərinə baxış da diqqətçəkəndir. Məsələn, Azərbaycanda neft hasilatı bu dövrdə 35 % azalıb. 2024-cü ilin əvvəlində ölkənin gündəlik neft hasilatı 686 min barel təşkil edirdisə, hazırda bu rəqəm təxminən 450 min barel səviyyəsindədir", - deyə o vurğulayıb.

T. Safonova bildirib ki, statistik fərq qaz kondensatının OPEC+ razılaşmalarına daxil edilməməsi ilə bağlıdır: "Halbuki qaz kondensatı Azərbaycanın ümumi neft-qaz hasilatının təxminən 20 %-ni təşkil edir. Buna görə OPEC hesabatları yalnız xam neft həcmini əhatə edir. 2024-cü ilin yekunlarına əsasən, qazın istehlakı, ixracı və idxalı baxımından Rusiya, Türkmənistan, Qazaxıstan və Azərbaycan net ixracatçı kimi qalır. Özbəkistan isə daxili tələbatını tam ödəmək üçün kifayət qədər qaz hasil etmir".

Onun sözlərinə görə, neftdə də oxşar mənzərə müşahidə olunur: "Rusiya daxili istehlak baxımından böyük paya malikdir, Qazaxıstan isə hasil etdiyi təxminən 18 milyon ton neftin bir hissəsini emala, əsas hissəsini isə ixraca yönəldir. Azərbaycan isə 2024-cü ildə təxminən 29 milyon ton neft hasil edib. Bunun 6 milyon tonu daxildə – Bakının Neft Emalı Zavodunda emal olunub, qalan hissə isə ixrac edilib".

Son xəbərlər

Bütün Xəbər Lenti