OGCI: SOCAR-ın əksər obyektlərində emissiya qeydə alınmayıb

Energetika
  • 30 sentyabr, 2025
  • 17:21
OGCI: SOCAR-ın əksər obyektlərində emissiya qeydə alınmayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq tərəfdaşlığa xüsusi önəm verir və "Oil and Gas Climate Initiative" (OGCI) ilə əməkdaşlığa tam şəkildə açıqdır.

"Report" xəbər verir ki, bunu OGCI-nin Aşağı Karbon Proqramının meneceri Loren Uord (Lauren Ward) "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) ikinci günündə deyib.

Onun sözlərinə görə, 2021-ci ildə İraqda pilot layihə çərçivəsində peyk kampaniyasına start verilib:

"Modelin uğurunu gördükdən sonra, 2022-ci ildə təşəbbüsü daha üç ölkəyə – Qazaxıstan, Əlcəzair və Misirə genişləndirdik. 2023 və 2024-cü illərdə isə yanaşmanı təkmilləşdirərək, OGCI üzv şirkətlərinə müəyyən regionlarda könüllü əməkdaşlıq imkanları yaratdıq. Nəticədə kampaniya beşdən çox ölkəni əhatə etdi və Azərbaycan da onlardan biri olub".

L. Uord bildirib ki, əsasən 2024-cü ilin ikinci yarısında SOCAR ilə kampaniyaya start verilib:

"Kampaniya SOCAR-ın Azərbaycandakı yeddi obyektini əhatə edib. Əgər obyekt monitorinq olunur və emissiya qeydə alınmırsa, bu artıq uğur hesab edilir. SOCAR-la əməkdaşlıqda da məhz belə nəticə əldə etdik - əksər obyektlərdə heç bir emissiya qeydə alınmayıb. Digər tərəfdən, peyk vasitəsilə müəyyənləşdirilən emissiyaları SOCAR-a təqdim etdikdən sonra şirkət onları əməliyyat komandaları ilə bölüşərək qısa müddətdə azaltmağa nail olub. Nəticədə həmin obyektlərdə emissiyalar peyklə aşkarlanmayan səviyyəyə endirilib".

Qeyd edək ki, dünyanın aparıcı enerji şirkətlərini birləşdirən OGCI təşəbbüsü emissiyaların azaldılması və ekoloji dayanıqlığın gücləndirilməsi sahəsində qlobalmiqyaslı proqramlar həyata keçirir.

Son xəbərlər

Bütün Xəbər Lenti