Neft və təbii qaz yüz illərlə vacib resurs olaraq qalacaq - RƏY
- 27 sentyabr, 2025
- 14:39

Başda neft olmaqla, mədən yanacağı hələ yüzilliklərlə bəşəriyyət üçün vacib resurs olaraq qalacaq.
Bunu "Report"a açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, alternativ enerji həm iqtisadiyyatın yaşıl kontekstində qurulmasına, həm də ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına, onun ixrac potensialının qüvvədə qalmasına imkan verəcək: "1994-cü ildən başlayaraq Azərbaycan özünün enerji strategiyasının birinci mərhələsi olan neft strategiyasını uğurla həyata keçirməyə başlayıb. Daha sonra təbii qaz, ardınca isə alternativ enerji strategiyasına keçib".
Ölkədə yetəri qədər təbii qaz ehtiyatlarının olduğunu deyən E. Əmirov neft ehtiyatlarının azaldığını xatırladıb: "Bu, daha dayanıqlı enerji ehtiyatlarına ehtiyac yaradır. Azərbaycanın yaşıl keçidə sadiqlik göstərməsi həm də bu zərurətdən irəli gəlir. Bununla belə alternativ enerji strategiyasını uğurla həyata keçirmədən yaşıl keçid etmək mümkün deyil. Çünki yaşıl keçid öz başlanğıcını alternativ enerji strategiyasından götürür. Onun konsepsiyasında, fəlsəfəsində alternativ enerji dayanır".

Ekspert "yaşıl keçid"in heç bir halda ənənəvi enerji mənbələrindən tamamilə imtinanı nəzərdə tutmadığın bildirib: "Prezident İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı dünyanın bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməyəcəyini vurğulayıb. Dünyanın nəhəng dövləti olan ABŞ-nin Prezidenti isə açıq şəkildə bəyan edir ki, onun üçün yaşıl keçid deyə bir şey yoxdur. Neft və təbii qaz mövcuddur. Çünki o, dünyanın hələ yüz illərlə neft və qazın əsarətində olacağının fərqindədir. Yəni planetin ən dərin qatlarında, ən sonuncu damla da çıxarılana qədər qalıq yanacağı, ənənəvi enerji resursları daim istifadə olunacaq və axtarılacaq".
E. Əmirov yaşıl keçidin yüz ildən uzun bir dövr gedəcəyini gözləyir: "Çünki bu cür keçidi reallaşdırmaq üçün dünyaya kifayət qədər zaman və trilyonlarla ABŞ dolları həcmində vəsait tələb olunur. Digər tərəfdən onun ekologiyaya vuracağı fəsadların miqyası da hələ dəqiq ölçülməyib. Belə ki, planetdəki proseslərin təbii axarına müdaxilə edərək onu saxlamaq və ya dəyişmək cəhdləri təsirsiz ötüşə bilməz. Söhbət günəş şüalarının torpaq tərəfindən yox, panellərlə udulmasından, çayların təbii axarının fərqli şəkildə istifadə olunmasından gedir".