Nazir: "Şimali Makedoniya yaxın illərdə Azərbaycan qazının birbaşa tədarükünə ümid edir" - MÜSAHİBƏ

Energetika
  • 08 sentyabr, 2025
  • 12:47
Nazir: Şimali Makedoniya yaxın illərdə Azərbaycan qazının birbaşa tədarükünə ümid edir - MÜSAHİBƏ

Şimali Makedoniya və Azərbaycan enerji sektorunda əməkdaşlığı gücləndirir, əsas diqqəti bərpa olunan enerji mənbələrinə, regional inteqrasiyaya və qaz tədarükünün şaxələndirilməsinə yönəldir.

Skopye Bakıya Cənub-Şərqi Avropada enerji təchizatının davamlılığının təmin edilməsində və infrastrukturun inkişafında etibarlı tərəfdaş kimi baxır. Azərbaycanın qazlaşdırmada iştirak perspektivlərinə, birgə "yaşıl" layihələrə və enerjiyə keçid üçün şəraitin formalaşdırılmasına, o cümlədən karbon qiymətlərinin müəyyənləşdirilməsinə və hidrogen strategiyasının hazırlanmasına xüsusi diqqət yetirilir.

"Report"a eksklüziv müsahibəsində Şimali Makedoniyanın energetika, dağ-mədən sənayesi və minerallar naziri Sanya Bojinovska əməkdaşlığın əsas istiqamətləri, maneələr və tərəfdaşlığın genişləndirilməsi imkanlarından danışıb.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Şimali Makedoniya ilə Azərbaycan arasında enerji əməkdaşlığının inkişafı üçün hansı sahələri daha perspektivli hesab edirsiniz?

- Əməkdaşlıq üçün ən perspektivli sahələr bərpa olunan enerji, enerji infrastrukturu və texnologiya transferidir. Ölkəmiz məhdud karbohidrogen ehtiyatlarına malikdir, ona görə də bərpa olunan mənbələr və təbii qaza etibarlı çıxış xüsusilə vacibdir. Azərbaycanla əməkdaşlıq tədarükün şaxələndirilməsində və enerji keçidimizin dəstəklənməsində nəzərəçarpacaq faydalar gətirə bilər.

Bərpa olunan enerji mənbələri və texnologiya transferi sahəsində əməkdaşlıq da böyük əhəmiyyət daşıyır ki, bu da "yaşıl" gündəliyimizə və Paris Sazişinə əsasən istixana qazı emissiyalarının azaldılmasına dair öhdəliklərimizə uyğun gəlir.

- Şimali Makedoniya üçün regional və trans-Avropa layihələrində enerji inteqrasiyası nə dərəcədə vacibdir? Cənub-Şərqi Avropa regionunun enerji təhlükəsizliyinin gücləndirilməsində Azərbaycanın rolunu necə görürsünüz?

- Regional inteqrasiya və bazarların inteqrasiyası bizim milli prioritetlərimizdəndir. Enerji İcması Katibliyinin müqavilə tərəfi olaraq biz Aİ-nin enerji qanunvericiliyini öz milli qanunlarımızda tətbiq etməyə borcluyuq. Aİ-yə namizəd ölkə olaraq biz artıq fəal mövqeyimizi nümayiş etdirərək CESEC regional təşəbbüsünə və EUSAIR strategiyasına qoşulmuşuq.

Azərbaycanın mühüm rol oynadığı "Cənub Qaz Dəhlizi" layihəsi Cənub-Şərqi və Mərkəzi Avropada qaz təhlükəsizliyinin və təchizatının etibarlılığının gücləndirilməsi üçün həlledici əhəmiyyətə malikdir. Bu, xüsusilə Rusiyanın 2025-ci il yanvarın 1-dən Ukraynadan keçməklə qaz nəqlini dayandırmasından sonra aktuallaşıb. Biz Azərbaycan qazını sənaye, kommersiya və məişət məqsədləri üçün almaqda son dərəcə maraqlıyıq. Azərbaycan artıq özünü etibarlı tərəfdaş kimi sübut edib və regionumuzda sabitliyin təmin edilməsində və tədarükün diversifikasiyasında onun rolu daha da artacaq.

- Sizcə, hazırda ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın genişlənməsinə hansı amillər mane olur? Onları aradan qaldırmaq üçün hansı addımlar atıla bilər?

- Ölkələrimiz arasında heç bir siyasi maneə yoxdur. Qarşılıqlı siyasi iradə ilə tərəqqiyə sürətlə nail olmaq olar. Əsas problemlər texniki məhdudiyyətlərdir: qeyri-kafi infrastruktur, qeyri-kafi qarşılıqlı əlaqə, həmçinin maliyyələşdirmə və inzibati prosedurların sürəti.

Bütün bunları birgə səylər, Aİ tərəfindən dəstəklənən layihələr və investisiyaların və infrastrukturun inkişafını sürətləndirən ikitərəfli sazişlər vasitəsilə aradan qaldırmaq olar.

- Hazırda Azərbaycan təbii qazı Şimali Makedoniyaya tədarük edilirmi? Tədarüklər nə dərəcədə sabit və müntəzəmdir?

- Hazırda Şimali Makedoniyanın Azərbaycandan qaz tədarükü ilə bağlı birbaşa müqaviləsi yoxdur. İdxal əsasən Yunanıstan və Bolqarıstan vasitəsilə həyata keçirilir. Kiçik həcmdə Azərbaycan qazı qısamüddətli müqavilələr əsasında bolqar treyderlər vasitəsilə tədarük edilir, qaz kəmərinin tutumunun böyük hissəsi "Qazprom"a məxsusdur və "Türk axını" vasitəsilə nəql olunur.

Yeni interkonnektorların inkişafı ilə biz yaxın gələcəkdə Azərbaycan qazına birbaşa çıxış gözləyirik. Kömürlə işləyən elektrik stansiyalarının qazla işləyən istilik elektrik stansiyalarına çevriləcəyi "Ədalətli keçid" prosesimiz çərçivəsində tələbat artacaq. Bundan əlavə, qonşu ölkələrə qaz tranziti strateji planlarımıza daxildir. Makedoniya yaxın gələcəkdə uzunmüddətli əsaslarla Azərbaycandan birbaşa qaz almaq niyyətindədir.

- SOCAR və "M-Gaz" şirkətinin Strumitsada birgə hibrid qazlaşdırma layihəsi necə irəliləyir?

- Strumitsa şəhərində artıq virtual qazpaylama şəbəkəsi mövcuddur, buraya qaz LNG şəklində avtosisternlərlə çatdırılır. Hazırda ev təsərrüfatları, sənaye müəssisələri və dövlət qurumları da daxil olmaqla istehlakçıların sayı təxminən 400-dür. Keçən il Bolqarıstanda fəaliyyətə başlayan "M-Gaz" şirkəti sənaye sektoruna fokuslanıb və sosial istehlakçıların qazlaşdırılmasında ESCO prinsipi ilə fəaliyyət göstərir, bələdiyyələri yanacaq bazasına keçid üçün maliyyə vəsaiti ilə təmin edir.

Xarici şirkətlərə yanaşma müsbətdir, lakin hər hansı enerji fəaliyyəti ilə məşğul olmaq üçün "Enerji haqqında" Qanuna və Enerji, Su Təchizatı və Kommunal Tullantıların İdarə Edilməsi üzrə Tənzimləyici Komissiyanın qaydalarına uyğun olaraq lisenziya almaq lazımdır. Biz qaz bazarında rəqabəti gücləndirə biləcək və ev təsərrüfatları və sənayeyə daha əlverişli şərtlərlə qaz təklif edə biləcək yeni oyunçuları alqışlayırıq.

- Şimali Makedoniyada təbii qazın orta illik istehlak həcmi nə qədərdir?

- Ölkədə illik qaz istehlakı təxminən 300-400 milyon m³ təşkil edir. Sənaye sektoru istehlakda əsas yer tutur. Qazpaylama şəbəkəsinin genişlənməsi ilə nəqliyyat və məişət sektorunda istehlakın əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

- Şimali Makedoniya və Serbiya arasında qaz interkonnektoru layihəsi hansı mərhələdədir?

- Bu layihənin texniki-iqtisadi əsaslandırması (TİƏ) artıq hazırdır, "xərc-fayda" təhlili və ətraf mühitə və cəmiyyətə təsirin qiymətləndirilməsi aparılıb. Layihənin həyata keçirilməsi üçün Serbiya ilə Anlaşma Memorandumu imzalanıb. Yaxın vaxtlarda baza layihəsinin hazırlanması gözlənilir.

İnterkonnektorun ümumi uzunluğu təxminən 66,5 km, gücü isə ildə 1,4 milyard kubmetrdir. Makedoniyanın bir neçə kommersiya bankı layihənin maliyyələşdirilməsinə maraq göstərib. Layihənin növbəti 3,5 il ərzində tamamlanması planlaşdırılır.

- Bu interkonnektor Azərbaycan qazının Serbiyaya və daha sonra Mərkəzi Avropaya nəql edilməsinə imkan verəcəkmi?

- Bəli. Milli şəbəkəmiz genişləndikcə qaza tələbat artacaq. Serbiya, Macarıstan və daha sonra Mərkəzi Avropaya tranzit nəzərdən keçirilir - Azərbaycan qazı bu prosesdə böyük əhəmiyyət kəsb edəcək.

- Şimali Makedoniyada bərpa olunan enerji obyektlərinin quraşdırılmış gücü nə qədərdir? Gələcək üçün hansı hədəflər müəyyən edilib?

- Rəsmi məlumatlara görə, 2024-cü il üçün bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının quraşdırılmış gücü belədir: fotoelektrik stansiyalar - 848 MVt, külək elektrik stansiyaları - 82 MVt, su elektrik stansiyaları - 720 MVt, bioqaz elektrik stansiyaları - 12 MVt, biokütlə elektrik stansiyaları - 1 MVt.

Son illərdə BOEM-in tətbiqinə maraq əhəmiyyətli dərəcədə artıb, bu da daxili elektrik enerjisi istehsalının strukturunda dəyişikliyə səbəb olub. Təkcə son dörd ildə 1 201 yeni elektrik stansiyası inşa edilib, onlardan 345 günəş stansiyası 2024-cü ilin payına düşür.

Ölkəmiz dayanıqlı enerjiyə keçid və iqlim öhdəliklərinin icrası çərçivəsində BOEM-in inkişafı ilə bağlı qarşısına iddialı hədəflər qoyub. Milli Enerji və İqlim Planında kömürdən tədricən imtina, köhnəlmiş istilik elektrik stansiyalarının bağlanması və onların ekoloji cəhətdən təmiz alternativlərlə əvəz edilməsi mühüm yer tutur.

Günəş və külək enerjisinə investisiyalar uzunmüddətli dayanıqlılıq və enerji müstəqilliyinin əsas amilləri kimi nəzərdən keçirilir.

Paralel olaraq, Aİ-nin Emissiya Ticarət Sistemi (ETS) ilə uzlaşdırılmış karbon qiymətqoyma mexanizminin tətbiqinə hazırlıq gedir. Bu tədbir zərərli emissiyaların azaldılmasına və "yaşıl iqtisadiyyat"ın inkişafının stimullaşdırılmasına yönəlib. BOEM-ə dəstək siyasətini elektromobillər sahəsində təşəbbüslər və ekoloji cəhətdən təmiz və səmərəli mobilliyin əsasını təşkil edən dayanıqlı nəqliyyat modellərinin yaradılması tamamlayır.

Bərpa olunan enerji sektorunun inkişafı xarici investisiyaların əhəmiyyətli dərəcədə artması ilə müşayiət olunur. Beynəlxalq şirkətlər və maliyyə təşkilatları BOEM sahəsində layihələrin həyata keçirilməsinə və institusional islahatların dəstəklənməsinə fəal şəkildə qoşulur. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) "Ədalətli enerji keçidi" platforması vasitəsilə kömürdən imtina üzrə strateji tərəfdaşdır. Almaniyanın KfW bankı texniki yardım göstərir və "yaşıl" layihələri, xüsusilə enerji səmərəliliyi sahəsində layihələri maliyyələşdirir. Dünya Bankı, Fransa İnkişaf Agentliyi (AFD), IFC və UNDP də hökumətin həyata keçirdiyi enerji islahatlarının dəstəklənməsində aparıcı rol oynayır.

- Şimali Makedoniya bərpa olunan enerji mənbələrinin inteqrasiyası sahəsində Azərbaycanın təcrübəsi ilə maraqlanırmı?

- Bəli, şübhəsiz. Əməkdaşlıq potensialı böyükdür, xüsusilə günəş və külək enerjisi sahəsində. Şimali Makedoniya bərpa olunan enerji mənbələrinin milli enerji sisteminə inteqrasiyası sahəsində Azərbaycanın təcrübəsini yüksək qiymətləndirir və bu strateji əhəmiyyətli sahədə öz potensialını gücləndirməyə imkan verəcək tərəfdaşlığa açıqdır.

Qlobal enerji çağırışları və dekarbonizasiya öhdəlikləri şəraitində biz milli enerji sektorunun transformasiyası üzərində fəal işləyirik: "yaşıl enerji"nin payını artırır, enerji səmərəliliyini yüksəldir və texnoloji innovasiyaların tətbiqini dəstəkləyirik.

Azərbaycanla ikitərəfli əməkdaşlığın həqiqətən də böyük perspektivləri var. Xüsusilə, bu, BOEM sahəsində birgə layihələrin hazırlanması, bilik və texnologiyaların mübadiləsi, həmçinin "yaşıl keçid"in uğurla həyata keçirilməsinə kömək edəcək əlverişli normativ-hüquqi və investisiya mühitinin formalaşdırılmasına aiddir.

- Şimali Makedoniya Black Sea Energy sualtı enerji kabeli layihəsinə maraq göstərirmi?

- Bu layihə Avropa və Qafqaz arasında əlaqəni gücləndirdiyi üçün böyük strateji əhəmiyyət kəsb edir.

Şimali Makedoniya uzaqlığına görə birbaşa iştirakçı olmasa da, təşəbbüsü böyük maraqla izləyir.

- Şimali Makedoniyanın hidrogen strategiyası varmı? Bu sahədə Azərbaycanla əməkdaşlıq planları nədən ibarətdir?

- Qərbi Balkanlar üçün İnvestisiya Platformasının dəstəyi ilə Serbiya-Makedoniya interkonnektoru üçün hidrogenlə bağlı tədqiqat aparılır. Tədqiqatın 2025-ci ilin III rübündə başa çatması gözlənilir. Tədqiqat hidrogenə tələbatın qiymətləndirilməsini, BOEM texnologiyaları ilə inteqrasiyanı, onun saxlanmasını, nəqliyyat və sənayedə istifadəsini əhatə edir. Həm Serbiyanın, həm də ölkəmizin Panavropa hidrogen şəbəkəsində mühüm rol oynayacağı gözlənilir.

Tədqiqat Makedoniya və Serbiyanın enerji sektorlarında hidrogen potensialı ilə bağlı tövsiyələrin hazırlanmasına yönəlib, burada artan tələbi ödəmək üçün hidrogen idxalına potensial tələbata xüsusi diqqət yetirilir. Buna görə də biz tədqiqatın nəticələrini gözləməli, bundan sonra hidrogen sahəsində Azərbaycanla əməkdaşlıqla bağlı növbəti addımları nəzərdən keçirməliyik.

- Şimali Makedoniya Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən enerji layihələrində iştirakı nəzərdən keçirirmi?

- Hazırda Qarabağa dair layihələrlə bağlı konkret danışıqlar aparılmır.