Nazir müavini: "İqlim və enerji ən vacib və prioritet məsələlərdən biridir"
- 29 oktyabr, 2025
- 10:36
İqlim və enerji Azərbaycan üçün ən vacib və prioritet məsələlərdən birinə çevrilib.
"Report" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev XIII Beynəlxalq "Caspian Energy Forum 2025" tədbirində bildirib.
Onun sözlərinə görə, ötən il Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsi və bu mühüm hadisə Azərbaycanın iqlim gündəliyindəki lider rolunu göstərib: "Bundan başqa, COP29 regional və qlobal əməkdaşlıq potensialını bir daha nümayiş etdirib. Biz COP29-da əldə olunan nəticələri yalnız diplomatik uğur kimi deyil, həm də gələcəyə yönəlmiş praktiki öhdəliklər kimi görürük. COP29 bir daha göstərib ki, bu gün iqlim və enerji məsələləri Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələlərdən birinə çevrilib. Biz artıq diqqətimizi bu çərçivədə konkret addımların atılmasına yönəltmişik".
O qeyd edib ki, COP29 substansiv yekunlar əldə edilmiş qərarların əhəmiyyəti və sayı baxımdan Paris və Kyoto COP-ları ilə müqayisə olunmaqla iqlim danışıqları tarixində ən uğurlu COP-lardan bir hesab olunur.
"2030-cu ilədək qlobal bərpa olunan enerji gücünün azı 11 min giqavata qədər 3 qat artırılması və enerji səmərəliliyinin 2 %-dən 4 %-ə, yəni ikiqat artırılması məqsədlərinə praktiki töhfə vermək üçün COP29 çərçivəsində enerji sahəsində üç istiqamətdə töhfəmiz irəli sürüldü. Bunlardan biri COP29 qlobal enerji saxlancı və şəbəkələri vədi; ikincisi COP29 "yaşıl enerji" vədi, "yaşıl enerji" zonaları və dəhlizləri; üçüncüsü, COP29 hidrogen bəyənnaməsi təşəbbüsləri olub. Bu təşəbbüslər indiyə qədər bir çox dövlətlərin dəstəyini qazanıb", - deyə nazir müavini əlavə edib.