"NAANS-Media": Rusiyada yanacaq bazarında kəskin gərginlik müşahidə olunur

Energetika
  • 25 sentyabr, 2025
  • 13:16
NAANS-Media: Rusiyada yanacaq bazarında kəskin gərginlik müşahidə olunur

Rusiyada yanacaq bazarında kəskin gərginlik müşahidə olunur.

"Report" xəbər verir ki, bunu "NAANS-Media"nın icraçı direktoru Tamara Safonova Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya: neftemalı, neft-kimyası, ticarət və logistika" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə ölkə benzininin təxminən 7 %-ni, dizel yanacağının isə 47 %-ni ixrac edirdi: "Hazırda isə daxildə benzin qıtlığı yaranıb və hökumət ixrac məhdudiyyətləri tətbiq edib. İxrac yalnız Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində imzalanmış balans əsasında üzv ölkələrə məhdud həcmdə davam etdirilir. Bu ilin yanvar-avqust aylarının nəticələrinə görə, Rusiya benzininin əsas idxalçıları Tacikistan, Qırğızıstan və Özbəkistandır. Belarus isə Rusiya ərazisindən tranzit vasitəsilə Aİİ ölkələrinə və Əfqanıstana yanacaq göndərir".

O əlavə edib ki, region üzrə benzin və dizel istehsalında əsas istehsalçı Qazaxıstandır: "Ölkə ildə təxminən 5,5 milyon ton benzin və 5,4 milyon ton dizel yanacağı istehsal edir. Qazaxıstanı Türkmənistan, Azərbaycan və Özbəkistan izləyir. Qırğızıstan və Tacikistanda isə istehsal demək olar ki, yoxdur. Region üzrə ümumi emal gücü 59 milyon ton həcmində qiymətləndirilir. Lakin bir çox zavodun köhnə texnologiyalarla işləməsi və modernləşməyə ciddi investisiyaya ehtiyac duyması səbəbindən mövcud güc tam şəkildə istifadə olunmur".

Son xəbərlər

Bütün Xəbər Lenti