Moldova səfiri: "Azərbaycanla qaz sahəsində əməkdaşlığın müxtəlif aspektlərini müzakirə edirik"

Energetika
  • 09 dekabr, 2025
  • 14:59
Moldova səfiri: Azərbaycanla qaz sahəsində əməkdaşlığın müxtəlif aspektlərini müzakirə edirik

Moldova və Azərbaycan qaz sahəsində əməkdaşlığın genişləndirilməsini, o cümlədən Yunanıstan-Bolqarıstan-Rumıniya-Moldova interkonnektorları vasitəsilə regional təchizat sxemlərində iştirakı müzakirə edir.

Bu barədə "Report"a eksklüziv müsahibəsində Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko bildirib.

"Biz Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə çox ciddi baxırıq. Son illərdə tək bir qaz təchizatçısından və marşrutundan kritik asılılıqdan şüurlu şəkildə uzaqlaşan Moldova üçün mənbələrin şaxələndirilməsi milli təhlükəsizliyin əsas elementlərindən birinə çevrilib", - o vurğulayıb.

Səfirin sözlərinə görə, Azərbaycan və SOCAR Moldovanın təbii tərəfdaşlarıdır: "Moldovanın Baş nazirinin müavini Vladimir Boleanın 2025-ci ilin aprelində Bakıya səfəri zamanı SOCAR rəhbərliyi ilə görüşlər keçirilib. Bu görüşlərdə əməkdaşlığın mümkün formatları - birbaşa kommersiya müqavilələri, Yunanıstan-Bolqarıstan-Rumıniya-Moldova interkonnektorları vasitəsilə regional təchizat sxemlərində iştirak müzakirə edilib".

A.Esaulenko əlavə edib ki, Moldova təkcə klassik qaz tədarükünü deyil, həm də Azərbaycanla daha geniş əməkdaşlıq spektrini nəzərdən keçirir: "Buraya yeraltı anbarların istifadəsi, risklərin və s. idarə edilməsi üzrə birgə həllər, qaz bazarının liberallaşdırılması üzrə təcrübənin mübadiləsi daxildir".

Onun sözlərinə görə, bütün bunlar Avropa İttifaqının enerji təhlükəsizliyinin gücləndirilməsi gündəliyinə və hər iki ölkənin maraqlarına uyğundur.

Son xəbərlər

Bütün Xəbər Lenti