"Masdar Azerbaijan": Sabit olmayan enerjinin heç bir dəyəri yoxdur
- 30 sentyabr, 2025
- 11:42

Dünyada elektrik kəsintiləri hökumətlər üçün əsas narahatlıq doğuran məsələdir.
"Report" xəbər verir ki, bunu "Masdar Azerbaijan" şirkətinin ölkə meneceri Murad Sadıxov "Bakı İqlim Fəaliyyəti Həftəsi"in (BCAW2025) 2-ci günündə bildirib.
Onun sözlərinə görə, hökumətlər sabit enerji istəyir: "Sabit olmayan enerjinin heç bir dəyəri yoxdur. Sabit enerji isə hər şey deməkdir. Məhz buna görə dizayn elə qurulub ki, həm "Masdar"a, həm də digər bərpa olunan enerji investorlarına şəbəkəyə çıxış imkanı verilsin. Bununla davamlı və sabit enerji təmin olunsun".
Menecer qeyd edib ki, 2022-ci ildə Azərbaycan və "Masdar" arasında imzalanmış sazişlə şirkət "yaşıl enerji" bazarını öyrənməyə başlayıb: "Daxili tələbatı, mümkün ixrac marşrutlarını müəyyən etdik, həmçinin bərpa olunan enerji keçidini təşviq etmək üçün müxtəlif ssenarilər altında görülməli olan addımları hazırladıq. Azərbaycanın tarixində ilk dəfə aparılan araşdırma ilə (şəbəkə (grid) araşdırması) biz Azərbaycanın statik və dinamik rəqəmsal modelini yaratdıq. İndi isə "Azure Energy" və təbii ki, "Masdar" uzunmüddətli perspektivdə lazım olan məlumatlara çıxış əldə edib.
Məhz bu şəkildə 2027, 2030 və digər mərhələlər ortaya çıxıb. Çünki topladığımız bütün məlumatlarla biz mərhələli yanaşmanı qura bildik. Həmçinin biz müxtəlif ssenarilər hazırladıq ki, bu, təkcə şəbəkədəki dar boğazları aradan qaldırmağa imkan verməyib, həm də bunu daha dayanıqlı və möhkəm şəkildə həyata keçirməyə şərait yaradıb".
Bundan başqa, onun sözlərinə görə, "Masdar" "around the clock" (gecə-gündüz fasiləsiz) layihəsini Azərbaycanda tətbiq etməyi planlaşdırır: "Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) böyük "around the clock" (gecə-gündüz fasiləsiz) layihəsinə başlamışıq. Bu layihə günəş texnologiyası ilə batareya saxlama sisteminin birləşməsidir və əsas yükü təmin edir. Layihə 5,5 giqavatlıq günəş enerjisi və 19 giqavat-saatlıq batareya saxlama gücünü əhatə edir. Hazırda BƏƏ-də bu layihə işə salınıb və tikinti mərhələsindədir. Biz indi bu təcrübəni daha kiçik miqyasda istifadə etmək istəyirik. Onu Azərbaycanın bir çox bölgəsində tətbiq etməyi planlaşdırırıq. Bu, əslində bərpa olunan enerjini texniki xüsusiyyətlər baxımından ənənəvi enerji mənbələrinə daha da yaxınlaşdırmaq üçün aradan qaldırmalı olduğumuz texnoloji çətinliklərdir".
O qeyd edib ki, bu, Azərbaycan hökumətinin böyük dəstəyi və yüksək ixtisaslı insan resursları olmadan mümkün deyil: "Çünki Azərbaycan uzun illər dünya miqyasında aparıcı enerji ölkəsi olub, innovasiyalara rəhbərlik edib. İndi görürük ki, bu innovasiyalar bərpa olunan enerji vasitəsilə həyata keçirilir. Azərbaycan istər şəbəkə əməliyyatları olsun, istərsə də digər məsələlər –hökumət hazırda şəbəkənin yenilənməsinə böyük sərmayə qoyur. Yəqin ki, eşitmisiniz, hökumət tezliyin və enerji axınının idarə edilməsi üçün iki ən böyük batareya saxlama sisteminin tikintisini üzərinə götürüb. Bu da sistemin gücünü, davamlılığını və dayanıqlığını daha da artıracaq".