İndoneziya rəsmisi: "Neft və neft məhsullarının idxalına ehtiyacımız var"

Energetika
  • 01 iyun, 2026
  • 17:56
İndoneziya rəsmisi: Neft və neft məhsullarının idxalına ehtiyacımız var

İndoneziya xam neft, neft məhsulları və mayeləşdirilmiş neft qazının idxalı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə ümid edir.

"Report" xəbər verir ki, bunu İndoneziyanın Energetika və Mineral Ehtiyatlar Nazirliyinin neft və qazın kəşfiyyatı və hasilatı sektoru üzrə biznesin inkişafı direktoru Ariana Soemanto 31-ci Bakı Enerji Forumu çərçivəsində bəyan edib.

O vurğulayıb ki, ölkə hazırda həm xam neft, həm neft məhsulları, həm də mayeləşdirilmiş neft qazı çatışmazlığı ilə üzləşir, çünki daxili istehlak həcmləri hasilat səviyyəsini xeyli üstələyir.

"Bununla əlaqədar İndoneziyaya investisiya cəlb etmək üçün çoxsaylı dövlətlərlə əməkdaşlıq qurmaq bizim üçün həyati əhəmiyyət kəsb edir. Ölkəmizin ərazisində təxminən 128 neft-qaz hövzəsi yerləşir ki, onların da yalnız 20-si istismardadır, 100-dən çoxu isə hələ də mənimsənilməyib. Bu, İndoneziyada geoloji kəşfiyyat və neft-qaz hasilatı üçün əhəmiyyətli perspektivlər açır. İki həftə əvvəl İndoneziya hökuməti 100-dən çox yeni perspektivli neft-qaz blokları barədə məlumat yayıb", - direktor qeyd edib.

Onun sözlərinə görə, İndoneziya müvafiq məlumatlara çıxışı təmin edib, geoloji kəşfiyyat tədbirlərinin (seysmik tədqiqatlar və digər elmi araşdırmalar) həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayırıb.

"Bu, təkcə bizim regionumuzdan deyil, dünyanın digər bölgələrindən olan investorların da marağını cəlb etməlidir: biz İndoneziyanın neft-qaz sektoruna sərmayə qoymaq istəyən hər kəsi dəvət edirik", - A.Soemanto bəyan edib.

Energetika Nazirliyinin nümayəndəsi həmçinin qeyd edib ki, İndoneziya xaricdən xam neft, neft məhsulları və mayeləşdirilmiş neft qazı almağa ehtiyac duyur. "Ötən il biz lazımi həcmlərin bir hissəsini Azərbaycandan, eləcə də Birləşmiş Ərəb Əmirliklərindən, Səudiyyə Ərəbistanından və bir sıra digər dövlətlərdən idxal etmişik. Buna görə biz ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsində birinci dərəcəli əhəmiyyətə malik qlobal tərəfdaşlığa böyük ümid bəsləyirik", - A.Soemanto vurğulayıb.