İlham Mirzəliyev: "Əsas hədəfimiz dövlət büdcəsindən asılılığı minimum səviyyəyə endirməkdir" - MÜSAHİBƏ

Energetika
  • 17 oktyabr, 2025
  • 12:10
İlham Mirzəliyev: Əsas hədəfimiz dövlət büdcəsindən asılılığı minimum səviyyəyə endirməkdir - MÜSAHİBƏ

Gələn aydan etibarən Azərbaycanda 2025-2026-cı illər payız-qış mövsümünə start veriləcək. Yeni istilik mövsümünün başlanmasına sayılı günlər qalır. Bu ərəfədə istilik təsərrüfatlarında görülən hazırlıq işləri, əvvəlki illərdən qalan problemlərin həlli və həyata keçirilən yeniliklər xüsusi diqqət mərkəzindədir. Müzakirə olunan əsas mövzulara istilik təchizatı sahəsində tətbiq edilən yeni tariflər, sayğaclaşdırma prosesi, xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması məsələləri daxildir.

Bütün bu məsələlər barədə "Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev "Report"a müsahibəsində danışıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- İlham müəllim, 2024-2025-ci illərin payız-qış istilik mövsümünü ümumilikdə necə dəyərləndirirsiniz?

- İstilik təchizatı sosial əhəmiyyətli bir sahədir və əhalinin geniş təbəqəsini əhatə edir. Onun davamlılığı, etibarlılığı və keyfiyyəti insanların gündəlik rahatlığı üçün son dərəcə vacibdir. Əslində bu sahəni tək bir mövsüm üzrə deyil, bir neçə il ərzində aparılan işlərin nəticələrinə görə qiymətləndirmək lazımdır. Çünki həyata keçirilən layihələr yalnız bir mövsüm üçün nəzərdə tutulmur - elələri var ki, bir neçə il ərzində tamamlanır və növbəti mövsümlərdə öz bəhrəsini verir.

Konkret olaraq, 2024-2025-ci illərin istilik mövsümünə nəzər salsaq, dağ rayonlarında istilik noyabrın 1-dən başlayıb, mayın 1-də başa çatıb. Bakı və ətraf rayonlarda isə mövsüm noyabrın 15-dən başlayaraq aprelin 15-də yekunlaşıb. Həmin mövsüm kifayət qədər məhsuldar və yadda qalan olub. Respublika üzrə 554 qazanxana istismar edilib, bununla 3 800-dən çox yaşayış binası, 700-dən artıq təhsil və səhiyyə müəssisəsi, eləcə də 2 500-dən çox digər sosial obyekt istiliklə təmin olunub. Bundan əlavə, 50-dən çox binada 12 minə yaxın istehlakçı eyni zamanda isti su ilə də təmin edilib.

Ötən mövsümün əsas fərqləndirici xüsusiyyəti istilik təchizatının fasiləsizliyi, etibarlılığı və temperatur rejiminə riayət olunmasında müşahidə edilən irəliləyiş idi. Bu, mövsümə hazırlıq tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlıdır. Belə ki, ötən il 15 min metrə yaxın müxtəlif diametrli boru xətti yenilənib, 10 mindən artıq siyirtmə və digər avadanlıqlar təmir olunub.

Hazırda 554 qazanxanada quraşdırılmış 1 800 qazan aqreqatı və 80 minə yaxın müxtəlif adda avadanlıq fasiləsiz qulluq tələb edir. Bu, mexanizmi olan böyük bir sistemdir - hər hansı bir elementin sıradan çıxması bütün kompleksin fəaliyyətinə təsir göstərə bilər.

Ən mühüm yeniliklərdən biri isə son 10 ildə ilk dəfə olaraq köhnə tipli qazanxanaların tam modernləşdirilməsinə başlanması idi. 2024-cü ildə 5 qazanxana tam sökülərək yenidən quruldu, ən müasir avadanlıqlarla təchiz olundu və noyabrın 15-dən etibarən istismara verildi. Hazırda həmin qazanxanalar uğurla fəaliyyət göstərir.

- Ötən mövsümlə müqayisədə xidmətin keyfiyyəti və abonentlərin istilik təminatında hansı fərqlər müşahidə olundu?

- İstilik təsərrüfatı texniki parametrlərlə işləyən sistemdir, lakin istehlakçılar bu parametrləri birbaşa görmürlər. Onları maraqlandıran əsas məsələ mənzillərində istiliyin keyfiyyətidir - yəni evlərinin normal qızdırılması. Bizim üçün əsas "ölçü vahidi" də məhz müştəri məmnunluğudur.

Hazırda "Azəristiliktəchizat" 180-190 minə yaxın abonentə xidmət göstərir. Əsas məqsədimiz hər bir müraciətə operativ cavab verməkdir. Bunun üçün çağrı mərkəzi fasiləsiz fəaliyyət göstərir, həmçinin sosial şəbəkələr üzərindən birbaşa müraciət imkanı yaradılıb. Bizim üçün əsas prinsip - daxil olan hər bir şikayətə diqqətlə yanaşmaq, problemi yerində araşdırmaq və aradan qaldırmaqdır. Problemin səbəbi istər bizim, istərsə də istifadəçi tərəfindən olsun, əsas məsələ onu tapmaq və həll etməkdir. Hesab edirəm ki, xidmətin keyfiyyətinin əsas göstəricisi məhz insanların məmnunluğudur.

- Keçən istilik mövsümündə əsas çağırışlar nələr idi və bu il onların təkrarlanmaması üçün hansı addımlar atılıb?

- İstilik mövsümü başa çatan kimi növbəti mövsümə hazırlıqlara dərhal başlanılır. Bu, həm də qaydalarla müəyyən edilmiş tələblərdəndir. Hazırlıq tədbirlər planının ilk bəndi əvvəlki mövsümdə yaranmış nöqsanların təhlili və onların aradan qaldırılması ilə bağlı tədbirlərin müəyyən edilməsini nəzərdə tutur.

Yəni, biz mütləq qaydada ötən mövsümdə daxil olan bütün müraciətləri təhlil edirik - çatışmazlıqların səbəblərini müəyyənləşdirir və onların təkrarlanmaması üçün tədbirlər görürük.

Abonentlərdən daxil olan təxminən 1 000 müraciətin 70-80 %-i mənzildaxili problemlərlə bağlı olur. Əsas narazılıqlar - mənzillərdə temperaturun zəifliyi, bəzi radiatorların qızmaması, bir otaqda istilik olması, digərində olmaması, yaxud qonşuda istilik olub digərində olmaması kimi hallar təşkil edir. Bu cür problemlərin baş verdiyi əksər hallarda istilik binanın zirzəmisinədək gəlir, lakin mənzillərə qalxmır.

Bu, illərlə formalaşmış bir problemdir. Uzun müddət istilik təchizatçısı ilə istehlakçı arasında məsuliyyət bölgüsü dəqiq müəyyənləşdirilməmişdi. Bunun köklü səbəbi ondan ibarətdir ki, 2023-cü ilə qədər Azərbaycanda istilik təsərrüfatını tənzimləyən konkret normativ-hüquqi baza yox idi.

Yalnız 2023-cü ildə Energetika Nazirliyi ilə birgə qısa müddətdə "İstilik enerjisindən istifadə qaydaları" hazırlanaraq Nazirlər Kabinetinin qərarı ilə təsdiqləndi.

Bu sənəd bir çox vacib məsələlərə aydınlıq gətirdi - istilik təchizatçısının və istehlakçının hüquq və vəzifələri, məsuliyyət sərhədləri, xidmət və təminat şərtləri konkret müəyyən olundu. İlk dəfə olaraq istilik təchizatı üzrə istehlakçılarla rəsmi müqavilələrin bağlanmasına başlandı.

Bununla yanaşı, insanlar artıq başa düşürlər ki, yaşayış binasının daxili kommunikasiya sistemləri onların ümumi paylı mülkiyyəti sayılır və bu sistemlərin idarə olunması da Mənzil Məcəlləsinə əsasən vətəndaşların öz öhdəliyidir. Yəni, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətləri (MMMC) yaradılmalı və binadaxili təsərrüfat bu cəmiyyətlər tərəfindən idarə olunmalıdır. Təəssüf ki, bu struktur hələ ölkə üzrə geniş yayılmayıb və bu da bir çox hallarda çətinlik yaradır.

Qanunvericiliyə əsasən, təchizatçının məsuliyyət sərhədi binanın girişinə qədərdir. Abonentlərin ödədiyi tarif yalnız verilən istilik enerjisinə görədir - bu, xidmət haqqı deyil. Kommunikasiya və texniki xidmətlər isə ayrıca müqavilə ilə göstərilməlidir. Bu müqavilə "Azəristiliktəchizat"la da, digər fərdi şirkətlərlə də bağlana bilər.

Necə ki, biz hər mövsüm istilik sistemimizi texniki baxımdan hazırlayırıq, eyni qaydada istehlakçılarımız da onlara aid olan mənzildaxili sistemlərini mövsümə hazırlamalıdırlar. Yəni, mənzildaxili istilik xətlərini, birləşmələri, radiatorları yoxlamalı, sızmaların və tıxanmaların qarşısını almalıdırlar. Radiatorlar müəyyən müddətdən bir, heç olmasa 3 ildə, 5 ildən bir yuyulmadıqda içərisində çöküntü və ərp toplanır, bu da istiliyin dövriyyəsini zəiflədir. Eyni zamanda qanunda da nəzərdə tutulduğu kimi bina mülkiyyətçiləri balanslarında olan istilik mühəndis qurğularının və kommunikasiyaların saxlanılması, istismarı, cari və əsaslı təmiri ilə bağlı tədbirlərin həyata keçirilməsini təmi etməlidirlər.

-İlham müəllim, sizcə, əhalinin mənzildaxili istilik sistemlərinin texniki baxımdan hazırlanması və qulluq məsələsinə biganə yanaşmasının səbəbi maarifləndirmənin zəif aparılması deyilmi? Ola bilərmi ki, bu istiqamətdə "Azəristiliktəchizat" tərəfindən təbliğat yetərincə güclü olmayıb?

- Düzdür, tam şəkildə deməzdim ki, bu sahədə təbliğat yoxdur. Biz bu istiqamətdə davamlı olaraq maarifləndirmə aparırıq, amma etiraf etməliyik ki, müəyyən çatışmazlıqlar qalmaqdadır. Görünür ki, məlumatlandırma işləri hələ kifayət qədər kütləvi xarakter daşımayıb və bəzən insanlar məlumatı tam və ya düzgün əldə edə bilmirlər.

Təbii ki, hər bir xidmətin müəyyən ödəniş qarşılığında göstərilməsi prinsipi insanlarda bəzən tərəddüd yaradır. Yəni, mənzildaxili sistemlərin texniki baxımının ödənişli olması bəzi istehlakçıları bu addımı atmaqdan çəkindirir.

- Bu xidmətlərlə bağlı konkret qiymətlər müəyyən edilibmi?

- Xeyr, bu xidmətlər tənzimlənən qiymətlərə daxil deyil. Qiymət tərəflər arasında müqavilə əsasında razılaşdırılır. Əslində, biz bu xidmətləri təklif edirik və onların siyahısı qurumun rəsmi saytında da yerləşdirilib.

Buraya istilik təsərrüfatının layihələndirilməsi, qurulması, mənzildaxili təmir-bərpa işləri, cihazların dəyişdirilməsi və digər texniki xidmətlər daxildir. Qiymət hər bir halda fərdi qaydada, müqavilə əsasında müəyyən olunur. Hazırda vahid və ya standart tarif tətbiq edilmir, lakin gələcəkdə bəzi xidmətlər üçün minimal standart qiymət meyarlarının müəyyənləşdirilməsi mümkündür. Bütün hallarda istehlakçı binadaxili işlərin görülməsi üçün bazarda mövcud olan istənilən dövlət və ya özəl şirkətlə müqavilə bağlaya bilər.

Bununla belə, qeyd etməliyəm ki, istehlakçıların bu prosesə marağının az olmasının bir neçə səbəbi var. Birincisi, dediyim kimi, təbliğat hələ tam kütləvi səviyyəyə çatmayıb. İkincisi, ödənişli xidmət anlayışı bəzi insanlarda maliyyə tərəfdən çəkinmə yaradır. Üçüncüsü və ən vacibi - istilik sistemlərinin texniki quruluşu fərdi deyil, kollektiv xarakter daşıyır.

Yəni, bir mənzildəki istilik sistemi digər mənzillərlə birbaşa bağlıdır. Bəzi hallarda qonşunun cihazı işləmirsə, yaxud radiator tıxanıbsa, bu, aşağı və ya yuxarı mərtəbələrdəki mənzillərin istilik dövriyyəsinə təsir göstərir. Nəticədə bir mənzildə istilik var, digərində yoxdur.

Buna görə də istilik təchizatında kollektiv yanaşma çox vacibdir. Təəssüf ki, bizdə fərdi yanaşma üstünlük təşkil edir: "öz mənzilimlə maraqlanıram, qonşunun problemi mənə aid deyil" düşüncəsi hələ də qalır. Halbuki mərkəzləşdirilmiş istilik sisteminin effektivliyi məhz ümumi baxış və birgə məsuliyyətdən asılıdır.

Qaz, su və elektrik təchizatında fərdi tənzimləmə mümkündür, amma istilikdə bu texniki olaraq mümkün deyil. Bu səbəbdən bir mənzildəki problem bütöv sistemin səmərəliliyinə təsir göstərir.

Bizim marağımız da ondan ibarətdir ki, bütün mənzillər keyfiyyətli istilik alsın, çünki məmnun abonent həm də ödəniş intizamına riayət edən abonentdir. Buna görə də, baxmayaraq ki, mənzildaxili xidmətlər bizim birbaşa vəzifəmizə daxil deyil, əməkdaşlarımız bu sahədə təlimlər keçir, texniki biliklərini artırır və abonentlərə kömək göstərirlər.

Yəni, müraciət daxil olarsa, əməkdaşımız mütləq ünvana gedir, vəziyyəti yerində yoxlayır, abonentə problemi izah edir və texniki imkan daxilində nasazlığı təmənnasız aradan qaldırır. Əgər bu, xərcli və uzunmüddətli təmir tələb edirsə, o zaman həmin xidmət müqavilə əsasında təklif olunur.

- Ötən mövsümdə "Azəristiliktəchizat"ın ödəniş yığım səviyyəsi necə olub? Bu göstərici sizi qane edirmi?

- 2024-cü ilin yekunlarına əsasən, yığım səviyyəsi təxminən 85 % təşkil edib. Əlbəttə, ideal göstərici 100 % olmalıdır, lakin sosial baxımdan həssas olan təbəqələrin də imkanları nəzərə alındıqda 85 %-lik nəticə qənaətbəxş hesab olunur. Nəzərə almaq lazımdır ki, bizdə fərdi qaydada istiliyi kəsmək imkanı yoxdur. Uzun müddət ödəniş etməkdən imtina edən abonentlərlə bağlı yalnız qanunvericilikdə nəzərdə tutulduğu kimi məhkəmələrə müraciət edə bilirik.

- Yeni tariflərin tətbiqi yığım səviyyəsinə necə təsir göstərəcək? Əlavə toplanacaq vəsaitlər hansı istiqamətlərə yönəldiləcək?

- Bildiyiniz kimi, istilik təchizatı sahəsi müəyyən qədər subsidiya hesabına maliyyələşir. Tarif dəyişikliyi gəlirlərimizin qismən artmasına şərait yaradacaq. Bu artımın əsas məqsədi əlavə gəlir toplamaq deyil, dövlət büdcəsindən asılılığın azaldılmasıdır. Yəni, "Azəristiliktəchizat"ın əsas hədəfi subsidiyaları minimuma endirmək və maliyyə dayanıqlığını təmin etməkdir. Qənaət edilən subsidiya məbləğini isə artıq dövlət təhsil, səhiyyə, sosial təminat və s. kimi digər əhəmiyyətli sahələrə, o cümlədən istismar müddəti başa çatmış qazanxanaları yeni istilik mənbələri ilə əvəzlənməsinə yönləndirə bilər. Bu isə, öz növbəsində istilik təchizatında xidmət səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcək.

- Hazırda dövlət tərəfindən "Azəristiliktəchizat"a ayrılan subsidiyanın həcmi nə qədərdir?

- Ötən il bizə dövlət büdcəsindən 46 milyon manat subsidiya ayrılmışdı. Yeni tariflərin tətbiqi nəzərə alınmaqla 2026-cı il üçün bu məbləğin 28 % və ya 13 milyon manat azaldılması proqnozlaşdırılmışdır.

- Bu dəyişiklik "Azəriqaz" İstehsalat Birliyinə olan borcların ödənilməsinə imkan verəcəkmi? Hazırda bu istiqamətdə vəziyyət necədir?

- Bəli, bu istiqamətdə vəziyyət artıq sabitləşib. Son iki ildə bu məsələ praktiki olaraq gündəmdə deyil. Tarif artımı nəticəsində gəlirlərimizin artması "Azəriqaz" qarşısında öhdəliklərimizi tam yerinə yetirməyə imkan yaradacaq. Qeyd edim ki, xərclərimizin təxminən 60 %-i qazla bağlıdır. Artıq "Azəriqaz"la müzakirələr aparılıb, razılaşma protokolu imzalanıb və öhdəliklər götürülüb. İnanırıq ki, 2025-ci ildə ilk dəfə olaraq "Azəristiliktəchizat" istehlak etdiyi təbii qazın dəyərini tam, yəni 100 % həcmdə ödəyə biləcək.

- Sirr deyilsə, bu gün "Azəristiliktəchizat"ın "Azəriqaz" qarşısında borcu nə qədərdir?

- 2025-ci ildə istifadə etdiyimiz təbii qazın dəyərinin 91 %-i artıq ödənilib. Hazırda "Azəriqaz"a əvvəlki illərdən qalan borcumuz təxminən 35 milyon manatdır. Bu, qiymət artımından əvvəl, əvvəlki illərdə formalaşmış borcdur. Cari ildə isə yeni borcun yaranması gözlənilmir. Biz artıq "Azəriqaz"la birgə borcların inventarizasiyasını aparmışıq və 35 milyon manat məbləğində borcun rəsmi şəkildə təsdiqlənməsi başa çatıb. Bu ilin sonuna qədər 33 milyon kubmetr təbii qaz istifadə etməyi və onun dəyərini tam şəkildə ödəməyi planlaşdırırıq.

- Tarif artımı son iki ildə artıq üç dəfə həyata keçirilib. Bu dəyişikliklər xidmətin keyfiyyətinə real təsir göstərəcəkmi? Abonentlər bunu hiss edəcəklərmi?

- Əlbəttə, abonentlər bu fərqi mütləq hiss edəcəklər. Hazırda istilik enerjisinin tarifi hər kvadratmetr üçün 45 qəpik təşkil edir. Bu, xidmətin keyfiyyətini artırmaq üçün bizə əlavə imkanlar yaradır. Müvafiq tədbirlər planı artıq hazırlanıb və icrası davam edir. Hesab edirəm ki, yeni mövsümün ilk günlərindən vətəndaşlar istiliyin keyfiyyətində real dəyişiklikləri hiss edəcəklər.

- İlham müəllim, Nazirlər Kabinetinin yeni qərarına əsasən, istilik haqqı artıq yalnız yaşayış sahəsinə görə deyil, mənzilin ümumi sahəsinə görə hesablanacaq. Bura eyvanlar da daxildir. Amma eyvanda istilik yoxdur. Bu vəziyyət necə izah olunur?

- Əslində, bu məsələ 2023-cü ildə qəbul edilən "İstilikdən istifadə qaydaları"nda əksini tapıb. Əvvəllər ödəniş yalnız yaşayış sahəsinə görə hesablanırdı, indi isə ümumi mənzil sahəsinə əsasən müəyyən edilir. Klassik yanaşmada yaşayış sahəsi yalnız otaqları əhatə edir. Amma gəlin real vəziyyətə baxaq: mənzilin istilik cihazı otaqda olsa da, qapılar bağlı saxlanılmır, istilik bütün mənzil boyu yayılır. Fiziki baxımdan enerjinin dövranı otaqdan dəhlizə, mətbəxə qədər gedir və nəticədə bütün mənzil isinir.

İndi eyvan məsələsinə gələk. Qaydalar və Mənzil Məcəlləsinə görə, ümumi sahə hesablanarkən açıq eyvan və balkonlar bu sahəyə daxil edilmir. Əgər kimin mənzil sənədində açıq eyvan ümumi sahəyə əlavə edilibsə, həmin abonent bizə müraciət edə bilər - komissiyamız yerində baxış keçirəcək və bu sahə ümumi hesablamadan çıxarılacaq.

Amma əgər eyvan otaqla birləşdirilib, arakəsmə götürülüb və istilik həmin sahəyə də keçirsə, bu zaman həmin sahə də ümumi yaşayış sahəsinə daxil edilir. Bəzi hallarda, xüsusilə yeni binalarda, müqavilə bağlanarkən mənzil sahəsi mülkiyyət sənədinə əsasən tam (divarlar və eyvan daxil olmaqla) qeyd olunub. Bu isə texniki səhvlərə gətirib çıxara bilər. Belə hallarda da abonent bizə müraciət etməlidir - komissiya baxış keçirəcək, məsələ aydınlaşdırılacaq və lazım gələrsə, hesablamalar yenidən aparılacaq.

Qısası, açıq balkon və eyvanlar ödənişə daxil edilmir, amma otağa birləşdirilmiş, istilik dövriyyəsinə daxil olan sahələr istilik hesablamasına əlavə olunur.

- Bir müddət əvvəl istilik təchizatı sektorunda sayğacların tətbiqi ilə bağlı məlumat yayılmışdı. Sayğacların quraşdırılması nə vaxt reallaşa bilər və bu sistemin üstünlükləri nədən ibarət olacaq?

- Uzun illər Azərbaycanda istilik təchizatında ödənişlər normativ əsasda - mənzilin yaşayış sahəsinə görə hesablanırdı. Halbuki istilik enerjisi bütün mənzili qızdırır: otaqlar, dəhliz, hamam və digər sahələr ümumi dövriyyəyə daxildir. Yəni, otaqda batareya işləyirsə, onun yaydığı istilik mənzilin bütün sahəsini isidir və bu enerjinin də qarşılığı ödənilməlidir.

Gələcəkdə sayğaclar - yəni kalorimetrlər quraşdırıldıqda bu məsələ tam şəffaf olacaq. Düzdür, əksər mövcud mənzillərdə fərdi sayğaclaşma texniki baxımdan bu mümkün deyil, çünki istilik boruları hər otağa ayrıca qalxır. Lakin hədəfimiz ilk mərhələdə binanın ümumi istilik xəttinə sayğac quraşdırmaqdır. Belə olduqda, bina üzrə ümumi enerji sərfi ölçüləcək, sonra isə həmin göstərici mənzillərin sahəsinə uyğun bölüşdürüləcək.

Bu yanaşma həm təchizatçı, həm də istehlakçı üçün daha ədalətli sistem yaradacaq - artıq hər kəs real istifadə etdiyi enerjinin dəyərini ödəyəcək.

Əgər vətəndaş istilik xidmətindən imtina etmək istəyirsə, o, rəsmi qaydada müraciət edib, mənzilinin istilik xətlərini şəbəkədən ayıra bilər. Bu proses aktlaşdırılır və həmin mənzilə istilik enerjisi verilmədiyi halda ödəniş də tutulmur.

- İlham müəllim, hazırda istilik sayğaclarının quraşdırılması nə dərəcədə realdır və bu proses nə vaxt başlaya bilər?

- Biz son iki ildə bu mövzunu aktiv şəkildə gündəmə gətirmişik. Əvvəllər bu məsələ ümumiyyətlə müzakirə olunmurdu. Artıq anlayırıq ki, verilən istilik enerjisi mütləq şəkildə sayğacla ölçülməlidir - bu həm şəffaflıq, həm də xərclərin optimallaşdırılması baxımından vacibdir. Ola bilsin ki, bəzi hallarda biz çox enerji veririk, amma onun dəyərini tam şəkildə ala bilmirik.

Təəssüf ki, istilik sayğacları qaz, su və elektrik sayğacları kimi sadə deyil. Onların quruluşu və idarəedilməsi daha mürəkkəbdir. Mənzillərə gələn istilik bir nöqtədən deyil, bir neçə boru xətti ilə ötürülür. Bu səbəbdən hər otağın batareyasına ayrıca sayğac qoymaq texniki və inzibati baxımdan çətindir. Belə halda hər ay mənzillərə daxil olaraq sayğac göstəricilərini oxumaq, müdaxilələrin qarşısını almaq da problem yaradır.

Buna görə də biz mərhələli şəkildə hərəkət etməyi planlaşdırırıq. İlk mərhələdə qeyri-əhali abonentləri, yəni məktəblər, bağçalar, tibb müəssisələri və digər ictimai binalar üzrə sayğacların quraşdırılmasını nəzərdə tuturuq. Bu obyektlərdə enerji bir nöqtədən daxil olduğu üçün texniki baxımdan sayğac yerləşdirmək mümkündür.

Əhali abonentləri üçün isə artıq pilot layihə həyata keçirilir: 60 istilik sayğacı alınıb və bir hissəsi quraşdırılıb. Bu mövsümdə həmin sayğacların iş prinsipi və nəticələri təhlil ediləcək. Yekun qiymətləndirmədən sonra yaşayış binalarında da mərhələli şəkildə sayğac quraşdırılması məsələsi gündəmə gətiriləcək.

Burada bir mühüm hüquqi məqam da var - sayğacın bir tərəfi təchizatçı ("Azəristiliktəchizat"), digər tərəfi isə istehlakçı olmalıdır. Amma çoxmənzilli binalarda hələ MMMC-lər tam formalaşmadığı üçün binalarda kim bu tərəfi təmsil edəcək, bu məsələ aydın deyil.

Bütün bunlara baxmayaraq, biz prosesi davam etdiririk. Pilot layihənin nəticələrinə əsasən, hökumətə konkret təkliflər paketi təqdim olunacaq. Qeyd edim ki, sayğacların quraşdırılması əhali istehlakçıları üçün dövlət və "Azəristiliktəchizat"ın hesabına, qeyri-əhali abonentləri üçün isə öz vəsaitləri hesabına həyata keçiriləcək.

- Elə bir büdcə təşkilatı varmı ki, istiliyin pulunu ödəməsin?

- Xeyr, hazırda istilik haqqını ödəməyən büdcə təşkilatı yoxdur. Büdcədən maliyyələşən qurumlar kommunal xidmətlərin ödənişini onlara ayrılmış limitlər çərçivəsində həyata keçirirlər. Bəzən həmin limitlər faktiki tələbatı tam qarşılamaya bilər. Lakin "Büdcə haqqında" Qanuna əsasən, təchizat müəssisələri xidmətləri yalnız ayrılmış limitlər daxilində göstərməlidir. Yəni, limitdən artıq xidmət göstərilərsə, onun dəyərinin ödənilməsinə zəmanət verilmir. Biz isə çalışırıq ki, bu limitlər real tələbatla uyğunlaşdırılsın və istilik xidməti həmin çərçivədə təmin edilsin.

- Abonentlər aldıqları istiliyin həcmi barədə şəffaf hesabatla tanış ola biləcəklərmi?

- Abonent istilik enerjisi üzrə şəffaf hesabatı yalnız sayğac quraşdırıldığı halda əldə edə bilər. Hazırda vətəndaş yalnız otağındakı temperatur göstəricisinə və istiliyin keyfiyyətinə əsasən fikir yürüdə bilir. Sayğac olmadıqda, mənzilə daxil olan enerjinin həcmini dəqiq müəyyənləşdirmək mümkün deyil. Biz yalnız istifadə olunan qazın miqdarına, verilən temperatur dərəcəsinə və binanın neçə gün istiliklə təmin olunduğuna əsaslanaraq hesablamalar aparırıq. Bu hesablamalar nəticəsində 1 kvadratmetr sahəyə düşən istilik enerjisinin orta göstəricisini müəyyənləşdiririk. Bunun əsasında da mənzilin qızdırılması üçün sərf olunan enerji həcmini təyin edirik.

- Bir sıra vətəndaşlar istilik xidmətinin keyfiyyətindən narazıdırlar. Onlar ya ümumiyyətlə istilik almadıqlarını, ya da keyfiyyətin qənaətbəxş olmadığını bildirirlər. Bu narazılıqlara nə cavab verərdiniz?

- Əvvəla, abonentlərdən xahişimiz budur ki, istiliklə bağlı problem yaranan kimi dərhal bizə məlumat versinlər. Çünki bir il sonra "keçən qış istiliyim zəif idi" deməklə məsələni araşdırmaq çətin olur. Biz texniki baxımdan bir il əvvəlki vəziyyəti tam şəkildə yoxlaya bilmirik. Düzdür, araşdırma aparmaq mümkündür, lakin bu, əlavə vaxt və resurs tələb edir. Ona görə də abonent istiliklə bağlı nasazlığı dərhal bizimlə əlaqə saxlayaraq bildirməlidir. Bunun üçün "qaynar xətt"imiz, sosial şəbəkə səhifələrimiz və şəhər telefonlarımız fəaliyyət göstərir. Hər bir müraciətə operativ şəkildə cavab verilir.

- Abonentlərin narazılıqlarının araşdırılması üçün səmərəli şikayət mexanizmi varmı?

- Bəli, "Azəristiliktəchizat"ın bu sahədə kifayət qədər səmərəli mexanizmləri var. Qurumun "Facebook", "Instagram", "Twitter" sosial şəbəkə hesabları, eləcə də elektron poçt ünvanı və 24 saat fəaliyyət göstərən qaynar xətti mövcuddur. Eyni anda 20-dək abonentə cavab verə bilən "Çağrı Mərkəzi" işləyir və bütün zənglər qeydə alınır. Hətta xətt kəsilərsə belə, əməkdaşlarımız abonentlə yenidən əlaqə saxlayır. Sosial şəbəkələrdə yazılan şikayətlər də diqqətlə izlənir - xüsusi mütəxəssislər həmin müraciətləri dərhal nəzarətə götürür və araşdırır.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, istiliyin keyfiyyəti nisbi anlayışdır və onun tənzimlənməsi müəyyən qaydalarla həyata keçirilir. Xarici havanın temperaturuna uyğun olaraq, qazanxanadan veriləcək istilik dərəcəsi üçün təsdiqlənmiş temperatur qrafiki mövcuddur. Məsələn, çöldə +10 dərəcə olduqda, müəyyən olunmuş reqlamentə əsasən istiliyin müəyyən səviyyədə verilməsi tələb olunur. Havanın nisbətən isti olduğu günlərdə yüksək temperaturla istilik vermək həm iqtisadi, həm də texniki baxımdan məqsədəuyğun deyil. Lakin müştəridən müraciət daxil olarsa, həmin mənzildə istiliyin niyə zəif olduğunu mütləq araşdırırıq. Bəzən problem qonşunun batareyanı bağlamasından, boruların çirkli olmasından və ya başqa texniki səbəblərdən qaynaqlanır. Əlbəttə, bu hallarda bizim tərəfdən də nöqsanlar ola bilər və biz bunu da istisna etmirik. Çox ciddi bir məsələ binaların istilik mühafizəsi ilə bağlıdır. Sirr deyil ki, bu gün "Azəristiliktəchizat" ASC-nin xidmət zonasına daxil olan binaların əksəriyyəti keçmiş dövrlərdə inşa edilmiş binalardır və bu binaların enerji səmərəlilik tələblərinə cavab verməsi böyük sual altındadır. Məhz bu amil bir çox hallarda böyük istilik itgilərinə səbəb olmaqla bərabər, ən mümkün maksimal temperaturda verilən istiliyin mənzillərin isidilməsinə kifayət etmədiyi barədə abonentlərin əlavə suallarına gətirib çıxarır. Bir daha qeyd edirəm ki, istilik daşıyıcısının temperaturu xarici havanın temperaturuna uyğun olaraq tənzimlənməlidir.

- Bəzi binalarda vaxtilə istilik xətləri olub, lakin sonradan kəsilib. Belə binalarda istiliyin bərpası məsələsinə necə yanaşırsınız?

- Bu, çox ciddi və aktual məsələdir. Bizim əsas məqsədimiz mövcud istilik xətləri olan, lakin tam istifadə olunmayan binalarda istilik təminatını bərpa etməkdir. Məsələn, binada 60 mənzil varsa, onlardan yalnız 30-40-ı istilik alır, digərləri isə qoşulmur. Bu halda həm istilik dövriyyəsi pozulur, həm də resurs itkisi yaranır. Çünki biz həmin binaya enerji veririk, amma onun yalnız bir hissəsi istifadə olunur. Bu, sanki 180 yerlik təyyarənin 60 sərnişinlə uçması kimidir - yanacaq xərci eyni qalır, amma səmərəlilik azalır.

Buna görə də birinci mərhələdə məqsədimiz həmin binalarda istilik sistemindən qismən istifadə edən mənzilləri tam əhatə etməkdir. Paralel olaraq, istilikdən imtina edən sakinlərlə izahat və təbliğat işləri aparırıq ki, mərkəzləşdirilmiş istilik sistemi fərdi qızdırıcılardan həm daha səmərəli, həm də təhlükəsizdir. Bütün mənzillərin sistemə qoşulması həm xidmətin keyfiyyətini yüksəldəcək, həm də ümumi xərcləri azaldacaq.

- Belə binalarda istilik xətlərinin bərpası dövlət vəsaiti ilə, yoxsa sakinlərin hesabına aparılmalıdır?

- Əgər bina artıq mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunursa, mənzildaxili istilik xətlərinin bərpası sakinlərin öz vəsaiti hesabına həyata keçirilməlidir. Biz isə bu prosesdə təhlükəsizlik baxımından tam dəstək göstərəcəyik. Əslində, bu xətlərin bərpası elə də mürəkkəb məsələ deyil - mənzillərdən keçən boru xətləri sadəcə yenilənməlidir. Yəni, məsələn, hər sakin üçün 3-5 metr borunun çəkilməsi kifayət edir. Qurumumuz isə bu işlərin təhlükəsizlik tələblərinə uyğun aparılmasına nəzarət edəcək.

Əgər söhbət istilik sistemindən tamamilə ayrılmış binalardan gedirsə, bu zaman məsələ bir qədər çətindir. Çünki istilik dörd mərhələdən ibarətdir: birincisi, qazanxanada istehsal olunur, sonra binaya qədər əsas xətlər çəkilir, binanın altında aşağı paylama sistemi qurulur və daha sonra istilik mənzillərə qalxan borular vasitəsilə ötürülür. Biz qazanxana və məhəllədaxili xətlərin bərpasını öz üzərimizə götürürük, lakin binadakı aşağı paylama və mənzildaxili xətlərin bərpası, hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə görə, sakinlər tərəfindən təmin olunmalıdır. Əgər sakinlər bu sistemi bərpa edərlərsə, biz istənilən vaxt ora istilik verməyə hazırıq.

- Yeni istilik mövsümünə hazırlıq hansı mərhələdədir?

- Mövsümə hazırlıq konkret rəqəmlərlə ifadə olunur. "Azəristiliktəchizat" tərəfindən, 554 qazanxana, 1 000 kilometrdən çox istilik xətti, 1 300 qazan, 3 400 nasos, 18 000 siyirtmə, minlərlə nəzarət ölçü cihazları, avtomatika, elektrik və qaz təsərrüfatı, ümumulikdə isə 80 mindən artıq sayda avadanlıq və qurğular istismar edilir ki, onların hər birinin istismara tam hazır vəziyyətə gətirilməsi, zəruri təmir bərpa işlərinin görülməsi, mövsüm başlayana qədər bütün nəzərdə tutulan tədbirlərin icra edilməsi və mövsüm ərzində fasiləsiz və dayanıqlı fəaliyyətin təşkili cəmiyyət qarşısında duran əsas vəzifələrdir. Təsdiq edilmi tədbirlər planına əsasən 14 kilometr xəttin dəyişdirilməsi, 22 qazanxananın əsaslı, 203 qazanxananın isə cari təmiri nəzərdə tutulub. Həmçinin 764 nasos və 938 mühərrikin əsaslı təmiri aparılır. Artıq bu işlərin 90-92 %-i tamamlanıb. Hazırda yalnız bəzi magistral xətlərdə işlər davam edir. Qazıntı işləri şəhər yollarında nəqliyyat sıxlığı, kommunikasiya xətləri və asfalt örtüyü nəzərə alınaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə razılaşdırılmış şəkildə aparılır. Hədəfimiz noyabrın 1-dək bütün istilik təsərrüfatının yeni mövsümə tam hazır vəziyyətə gətirilməsidir.

Bundan əlavə, ötən il 5 qazanxana modernləşdirilib. Bu il isə hökumətin dəstəyi ilə 7 yeni qazanxana tam sökülərək yenidən inşa olunur. Onlardan ikisi Nizami, biri Pirallahı, ikisi Nərimanov, biri Səbail, biri isə Yasamal rayonundadır. 1950-1960-cı illərdə tikilmiş bu köhnə obyektlər müasir tələblərə cavab vermirdi. Hazırda tikinti işləri sürətlə davam edir və noyabrın 15-dək bu 7 yeni qazanxana istismara veriləcək. Gələn il isə əlavə 13 qazanxananın inşası planlaşdırılır.

- Milli Məclisdə deputatlar fərdi kombi sistemindən imtina edilərək mərkəzləşdirilmiş istilik sisteminə keçidi təklif ediblər. Siz bu mövqeyi dəstəkləyirsinizmi?

- Tamamilə razıyam. Əvvəlcə qeyd etmək istərdim ki, ölkəmizdə ilk dəfə olaraq "İstilik təchizatı haqqında qanun" qəbul edilmişdir və Azərbaycan Respublikasında istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi), satışı və istehlakı ilə bağlı istilik təchizatı subyektləri, istehlakçılar və istilik təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyən, istilik təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən ilk qanunvericilik aktıdır. Qanunun qüvvəyə minməsi mərkəzləşdirilmiş istilik təchizatı sahəsində bir çox məsələlərin tənzimlənməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Əgər mərkəzləşdirilmiş sistemin bütün texniki və normativ tələblərinə əməl olunarsa, bu, dünyada ən səmərəli və ekoloji cəhətdən ən təhlükəsiz isitmə üsuludur. Mərkəzi sistemin bir çox üstünlükləri var: enerji effektivliyi, idarəetmənin rahatlığı, texniki təhlükəsizlik, atmosferə az tullantı, sakinlərlə birbaşa təmasın olmaması və s. Məsələn, 100 mənzildə 100 kombinin işləməsi ilə bir qazanxananın işləməsi arasında böyük fərq var - ekoloji baxımdan da, təhlükəsizlik baxımından da mərkəzi sistem daha üstündür.

Kombi sistemləri həm təhlükəsizlik, həm də sağlamlıq baxımından risklidir. Dəm qazı təhlükəsi, eyvanların zəbt olunması, cihazların baxımsız qalması kimi hallar mövcuddur. Mərkəzi sistemdə isə bu risklər yoxdur. Bəli, fərdi sistemin yeganə üstünlüyü istifadəçinin istədiyi vaxt sistemi açıb-söndürə bilməsidir, amma ümumi səmərəlilik baxımından mərkəzləşdirilmiş sistem açıq-aşkar üstünlük təşkil edir.

Qəbul edilən qanuna əsasən, yeni layihələndirilən və tikilən binalarda fərdi istilik sistemlərinin quraşdırılması qadağandır - yalnız mərkəzləşdirilmiş sistem tətbiq olunmalıdır. Fərdi sistemlər yeni layihələndiriləcək binalarda yalnız istisna hallarda, xüsusi əsaslandırılmış vəziyyətlərdə - misal üçün bərpa olunan enerji mənbələrindən qidalandırıldığı hallarda mümkün olacaq. Köhnə binalara isə qanunun bu tələbi şamil edilmir, çünki onun geriyə qüvvəsi yoxdur. Həm də bir çox köhnə binalar yaxın illərdə şəhərin Baş Planına uyğun olaraq yenidən tikiləcək. Bu səbəbdən, mərhələli şəkildə, yeni inşaatlarda artıq mərkəzləşdirilmiş istilik sisteminə keçid təmin ediləcək.

- Əhalini kombidən imtina etdirib mərkəzləşdirilmiş sistemə keçməyə vadar etmək üçün inzibati və ya iqtisadi alətlər varmı?

- Köhnə binalarla bağlı inzibati alətlərin tətbiqi real deyil. Fərdi istilik sistemlərinin quraşdırılması qazdan istifadə qaydalarına əsasən həyata keçirilir, yəni hər kəs istədiyi yerdə kombi quraşdıra bilməz. Bunun üçün texniki və normativ tələblər var - kombinin harada, hansı şəraitdə, hansı otaqda və necə quraşdırılmalı olduğu müəyyən edilib. İnzibati tənzimləmə yalnız bu qaydaların pozulmadığına nəzarət səviyyəsində mümkündür.

Əsas istiqamət isə iqtisadi stimullaşdırmadır. Yəni mərkəzləşdirilmiş istilik sisteminin həm xidmət keyfiyyəti, həm də qiyməti elə olmalıdır ki, sakin fərdi sistemlə müqayisə edərək özü bu sistemi üstün saysın. Bizim məqsədimiz də budur ki, "Azəristiliktəchizat"ın xidmətinin dəyəri fərdi istilik sistemindən baha olmasın, keyfiyyəti isə daha yüksək səviyyədə təmin olunsun. İnsanlar məhz bu fərqi hiss edib mərkəzi sistemə üstünlük verməlidirlər.

- "Azəristiliktəchizat"ın bu gün qarşılaşdığı əsas problemlər hansılardır? Onların həlli istiqamətində hansı addımlar atılır?

- Ən ciddi məsələlərdən biri MMMC-lərin formalaşmamasıdır. İstilik təchizatının keyfiyyəti, verilən enerjinin ölçülməsi və xidmətin dayanıqlığı birbaşa binanın bu enerjini qəbul etməyə hazır olmasından asılıdır. Əgər qazanxana işləyirsə və binanın bir hissəsinə istilik gəlirsə, deməli, problem binadadır. Abonentlər anlamalıdırlar ki, qazanxana işlədiyi halda mənzildə istiliyin olmaması daxili xətlərin və ya sistemin nasazlığından irəli gəlir.

Digər mühüm problem istilik xətlərinin üzərində qeyri-qanuni tikililərin mövcudluğudur. İnsanlar bəzi hallarda sənədsiz şəkildə mühafizə zonasında ev və ya obyektlər tikiblər. Halbuki bu xətlər 13 atmosfer təzyiq altında işləyir və burada tikinti aparmaq həm təhlükəlidir, həm də qanunsuzdur. Bu hallar əsasən 1990-cı illərdə formalaşıb, lakin bu gün biz onların nəticələri ilə üz-üzəyik. Belə tikililər istilik xətlərinin bərpasını çətinləşdirir və böyük hüquqi problemlər yaradır.

Çox ciddi bir problem yaşayış olmayan mənzillər və kirayə verilən mənzillərlə bağlıdr. Mənzil sahiblərinin ümumi mülkiyyətdə olan mühəndis kommunikasiyalarının, hətta mənzillərində olan istilk avadanlıqlarının işlək səviyyədə saxlanması üçün maraq göstərməməsi, kirayənişinin istilik haqlarının ödənilməsindən boyun qaçırması və digər hallar ümumulikdə binanın istilik təchizatına təsir göstərir.

- İstilik enerjisi sektorunun modernləşdirilməsi üçün hansı əsas investisiya layihələri planlaşdırılır?

- Hazırda 2027-2030-cu illəri əhatə edən Sosial-İqtisadi İnkişaf Strategiyasının tədbirlər planı hazırlanır və bu çərçivədə istilik təchizatı ilə bağlı bir neçə əsas istiqamət müəyyən olunub.

Birinci istiqamət - istismar müddəti başa çatmış 60-a yaxın qazanxananın modernləşdirilməsidir. Onlardan 5-i ötən il, 7-si isə bu il yenilənib, növbəti illərdə digərlərinin də bərpası nəzərdə tutulur.

İkinci istiqamət - Bakı şəhərinin Xətai rayonunda fəaliyyət göstərən İstilik Elektrik Mərkəzi və onun xətlərinin yenilənməsi ilə bağlıdır. Hazırda 200-ə yaxın bina bu mərkəzdən istilik alır, lakin sistem köhnəlib və itkilər çoxdur. Bu səbəbdən mövcud 16 paylayıcı məntəqənin mərhələli şəkildə qazanxanalara çevrilməsi planlaşdırılır.

Üçüncü istiqamət - Bakı şəhərində fəaliyyət göstərən və istismar müddəti 50 ilə yaxın olan Rayon İstilik Qazanxanalarının (RİQ) yenilənməsidir. Artıq bu qazanxanaların əksəriyyəti texniki baxımdan köhnəlib və istismar resurslarını tam istifadə edib. Strategiyamız ondan ibarətdir ki, mövcud şəraitimizdə rayon miqyaslı istilik sistemlərinə xidmət göstərmək həm maliyyə, həm də texniki baxımdan səmərəli deyil.

Belə sistemlərdə 10 kilometrlərlə uzunluqda istilik xətləri çəkilir, bu da həm ötürmə xərclərini artırır, həm də şəhərdə nəqliyyatın sıx olduğu ərazilərdə texniki xidmət və təmir işlərini çətinləşdirir. Buna görə də biz məhəllə tipli qazanxanalara üstünlük veririk. Bu model daha çevik, az xərcli və idarəetməsi asan sistemlər qurmağa imkan verir.

Eyni zamanda, hazırda 5 RİQ-dən qidalanan istilik məntəqələrinin mərhələli şəkildə fəaliyyətlərinin məhdudlaşdırılması və onların qazanxanaya çevrilməsi nəzərdə tutulur. Bu, istilik təchizatının keyfiyyətini yüksəltməklə yanaşı, enerji itkisini də əhəmiyyətli dərəcədə azaldacaq.

Dördüncü istiqamət - sayğaclaşdırmanın genişləndirilməsidir.

Beşinci istiqamət – istilik-təchizatı obyektlərinin rəqəmsallaşdırılması və müasir idarəetmə texnologiyalarının tətbiqidir. Bu, qazanxanaların uzaqdan idarə olunmasını, avtomatlaşdırılmasını və rəqəmsallaşdırılmasını nəzərdə tutur ki, nəticədə xidmətin keyfiyyəti artacaq, xərclər isə azalacaq. Hazırda Səhmdar Cəmiyyətin 5-6 istiqamət üzrə fəaliyyət proqramı hazırlanıb, texniki-iqtisadi əsaslandırma sənədi tamamlanıb və müvafiq müzakirələrə təqdim olunub. Bu işlərdə Energetika Nazirliyi ilə sıx əməkdaşlıq mövcuddur və onların dəstəyi hiss olunur.

Altıncı istiqamət - bərpa olunan enerji mənbələrindən isitmə məqsədilə istifadə. Hazıda iki layihə üzərində işləyirik. Bunlardan biri koqenerasiya (istilik və elektrik enerjisinin birgə istehsalı) qurğularından istifadədir. Hesab edirik ki, bu kifayət qədər əhəmiyyətli ola bilər və bunun üçün Energetika Nazirliyi ilə birgə texniki-iqtisadı əsaslandırmanın hazırlanması üçün müsabiqə elan olunub. Pilot layihə uğurlu olarsa, həm istilik, həm elektrik tələbatı qarşılanacaq, artıq enerji isə şəbəkəyə ötürülərək əlavə gəlir gətirəcək.

Eyni zamanda, bərpa olunan enerji mənbələrindən isitmə məqsədilə istifadə üçün bir neçə pilot layihə həyata keçirməyi planlaşdırırıq. Məqsədimiz yanacaq və qazdan asılılığı azaltmaq və əsasən istilik nasoslarından istifadə etməkdir. İlk növbədə bu istiqamətdə pilot layihələrə start veriləcək.

Bu yaxınlarda Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə həyata keçirilən "İstilik təchizatı sektorunun dekarbonizasiyası və bərpa olunan enerji inteqrasiyasının təşviqi" layihəsinə start verilib. Bu texniki yardım layihəsi çərçivəsində artıq müzakirələr yekunlaşıb, müvafiq müqavilə imzalanıb, texniki tapşırıq hazırlanıb. İlk dəfə olaraq istilik təchizatı sahəsində çox böyük araşdırmalar aparılacaq. Bu layihə çərçivəsində sektorun inkişaf strategiyası ilə bağlı əlavə araşdırmalar aparılacaq, yeni tarif metodologiyası, hüquqi çərçivə və korporativ inkişaf planları üzrə geniş tədqiqat və tövsiyələr hazırlanacaq.

Ümumilikdə, qarşıdakı üç ildə istilik sektorunun modernləşdirilməsi, rəqəmsallaşdırılması və enerji səmərəliliyinin artırılması "Azəristiliktəchizat"ın prioritet istiqamətləri olacaq.

-Enerji səmərəliliyi və ekoloji təmiz texnologiyaların tətbiqi istiqamətində hansı işlər görülür?

-Modernləşdirilən qazanxanalarda mütləq enerji effektivliyi və ekoloji tələblərə cavab verən avadanlıqlar quraşdırılır. Bu avadanlıqlar həm faydalı iş əmsalı, həm də atmosferin çirklənməsinin azaldılması üzrə göstəriciləri baxımından yüksək standartlara cavab verir. Köhnə və ekoloji tələblərə cavab verməyən qazanxanalar isə müasir tipli avadanlıqlarla əvəz olunur. Hazırda 60-a yaxın qazanxananın modernləşdirilməsi davam edir: 5 qazanxana artıq istifadəyə verilib, 7-si isə hazırda reallaşdırılır.

Məsələn, enerji səmərəliliyi baxımından keçən il istifadəyə verilmiş qazanxanalarda bir mövsüm ərzində təxminən 300 min kubmetr təbii qaza qənaət etmək mümkün olub ki, bu da modernləşdirilən qazanxanalar üzrə təxminən 15 % qənaət deməkdir. Ən böyük səmərəlilik göstəricisi elə budur.

-"Azəristiliktəchizat"ın gələcək inkişaf strategiyasında prioritet hədəflər nələrdir?

- Hazırda "Azəristiliktəchizat" gələcək inkişaf strategiyası üzərində işləyir və bu işlər ADB ilə əməkdaşlıq çərçivəsində aparılır. Bankın texniki tapşırığının əsas bəndlərindən biri qurumun korporativ inkişaf strategiyasının hazırlanmasıdır. Bu strategiya çərçivəsində Səhmdar Cəmiyyətin texniki performansı, bazar analizi və tarif strukturu qiymətləndiriləcək; korporativ diaqnostika, maliyyə modelləri və gələcək maliyyə proqnozları hazırlanacaq; dövlət subsidiyalarının mərhələli azaldılması üzrə icra planı işlənəcək. Bundan irəli gələrək yeni tarif metodologiyasının hazırlanması nəzərdə tutulur. Bunun üçün sayğaclara keçid, kalorimetrlə hesablaşma və xərclərin optimallaşdırılması nəzərdə tutulur. Xüsusi qeyd edirəm ki, tariflərin optimallaşdırılması deyəndə bu tarifin artımı anlamına gəlməli deyil, məqsəd xərclərin azaldırlması və xidmətin səmərəliliyinin artırılmasıdır.

Yeni inkişaf strategiyası çərçivəsində binaların sayğaclaşdırılması və tələbat əsasında hesablaşma modelinə keçid nəzərdə tutulur. Bununla yanaşı, binadaxili istilik infrastrukturu və mülkiyyətçi öhdəliklərinin müəyyənləşdirilməsi; dövlət-özəl tərəfdaşlıqları çərçivəsində bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi planlaşdırılır.

Uzunmüddətli perspektivdə məqsəd "Azəristiliktəchizat"ı dövlət subsidiyalarına asılı olmayan, öz gəlirləri ilə fəaliyyət göstərən, yüksək keyfiyyətli istilik təchizatı və servis xidməti göstərən, müasir avadanlıqlara və peşəkar mütəxəssislərə malik təsərrüfat kimi formalaşdırmaqdır. Eyni zamanda, qurum inhisarçı rolunu azaltmaqdadır. Bəli, qanunvericiliklə "Azəristiliktəchizat" bu gün təbii inhisar subyekti sayılır. Ancaq nəzərə alsaq ki, insanların artıq digər alternativlərdən istifadə etmə imkanları var, istilik təchizatı bazarına digər özəl oyunçuların daxil olma imkanları da mövcuddur.

Yeni qanun imkan verir ki, özəl sektor bazara daxil olsun, qazanxanaları idarə etsin və ya yeni qazanxana tikib xidmət göstərsin. İstehsal, ötürmə-paylama və satış funksiyaları ayrılaraq bazar modeli modernləşdirilə bilər. Bu, "Azəristiliktəchizat"ın tək olmadığını və bazarda rəqabətin mümkünlüyünü göstərir.

Son xəbərlər

Bütün Xəbər Lenti