Gürcüstan bu il Azərbaycandan 2,347 mlrd. kubmetr qaz alacaq

Energetika
  • 11 aprel, 2017
  • 13:59
Gürcüstan bu il Azərbaycandan 2,347 mlrd. kubmetr qaz alacaq
Report.az

Bakı. 11 aprel. REPORT.AZ/ Gürcüstan Rusiyanın “Qazprom” şirkətindən təbii qaz almaqdan imtina edəcək.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə bu ölkənin energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər Rusiya qazının alışı ilə bağlı heç bir müqavilə imzalanmayacaq.

Bu ilin yanvar-mart aylarında Rusiyadan alınan qazın həcmi 100 mln. kubmetr təşkil edib. Bu həcmin 70 mln. kubmetri fevral ayında alınıb.

Aprel ayından Gürcüstan əhalinin və müəssisələrin qazla təminatını tamamilə Azərbaycan qazı hesabına ödəyəcək.

Energetika Nazirliyinin məlumatına görə, bu il Gürcüstana 2,457 mlrd. kubmetr qaz nəql olunacaq. Bu həcmin 2,347 mlrd. kubmetrini (95,5%) Azərbaycan qazı təşkil edəcək. Rusiya qazının ümumi idxalda payı 4% olacaq.

Eyni zamanda, bu il Gürcüstan ərazisində qaz hasilatının həcmi 10 mln. kubmetr olacağı hesablanır.