"Gunvor" "Lukoil"in xarici aktivlərini almaq təklifini geri götürüb
- 07 noyabr, 2025
- 03:50
ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, o, beynəlxalq neft ticarəti şirkəti olan "Gunvor"a Ukraynadakı müharibə həll olunana qədər bizneslə məşğul olmaq və gəlir əldə etmək üçün lisenziya vermək niyyətində deyil.
"Report" xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında dərc olunan bəyanatda qeyd olunub.
"ABŞ prezidenti Donald Tramp daha əvvəl Ukrayna münaqişəsinə tez bir zamanda son qoyulmasının vacibliyini bəyan etmişdi. Bu baş verənə qədər "Gunvor" heç vaxt fəaliyyət göstərmək və qazanc əldə etmək üçün lisenziya almayacaq"- məlumatda deyilir.
Qurum hansı lisenziyadan söhbət getdiyini açıqlamayıb. O, həmçinin "Gunvor"un Rusiya tərəfindən idarə olunduğunu iddia edib.
Bu arada İsveçrəli neft treyderi "Gunvor Group", ABŞ sanksiyalarına görə onları satmaq niyyətində olan Rusiyanın "Lukoil" neft şirkətinin xarici aktivlərini artıq almaq niyyətində olmadığını açıqlayıb.
Bu barədə "Reuters" agentliyi "Gunvor"un korporativ direktoru Set Pietrasın bəyanatına istinadən məlumat yayıb.
Oktyabrın sonunda "Lukoil" xarici törəmə şirkətini neft treyderi "Gunvor Group"a satmağa razılaşdığını elan edib. Bu, ABŞ-ın Rusiyanın iki ən böyük neft şirkəti olan "Lukoil" və "Rosneft"ə qarşı sanksiyalar tətbiq etməsindən qısa müddət sonra baş verib. Vaşinqton bunu Moskvanın Ukraynadakı müharibəni dayandırmaq istəməməsi ilə əlaqələndirib.