EMTA: III rübdə istehlakçı müraciətlərinin əksəriyyəti elektrik enerjisi təchizatı ilə bağlı olub
- 08 oktyabr, 2025
- 13:52

Bu ilin III rübündə Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) edilən müraciətlərin 3 236-sı elektrik enerjisi təchizatı ilə bağlı olub.
Bu barədə "Report"a Agentlikdən məlumat verilib.
Bildirilib ki, hesabat dövründə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı quruma bilavasitə və nazirlik xətti ilə ümumilikdə 3 558 müraciət daxil olub.
Bu müraciətlərdən 251-i təbii qaz təchizatı, 14-ü istilik təchizatı ilə bağlı olub. Digər məsələlərlə bağlı isə 57 müraciət göndərilib.
Müraciətlərdən 2 432-si araşdırılıb və cavablandırılıb (42 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 13 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 557 müraciət hazırda baxılma prosesindədir, 556 məlumat xarakterli müraciətdən 245-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
Agentlik istehlakçılardan elektrik və istilik enerjisi, həmçinin qaz təchizatı ilə bağlı Çağrı Mərkəzi, birbaşa, elektron poçt və yaxud sosial şəbəkə vasitəsilə daxil olan müraciətlərə baxır, müvafiq sahədə istehlakçılara keyfiyyətli və səmərəli xidmət göstərilməsinin təmin edilməsi üçün tədbirlər görür, eləcə də istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin icrasına dövlət nəzarətini həyata keçirir.