EİA: ABŞ-da neft ehtiyatlarının faktiki artımı proqnozu 10 dəfə üstələyib

Energetika
  • 03 noyabr, 2016
  • 08:39
EİA: ABŞ-da neft ehtiyatlarının faktiki artımı proqnozu 10 dəfə üstələyib

Bakı. 3 noyabr. REPORT.AZ/ ABŞ-da oktyabrın 22-28-də neft ehtiyatlarının həcmi 3,1% və ya 14,4 mln. barel artaraq 482,6 mln. barelə yüksəlib. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EİA) yayıb. Xatırladaq ki, analitiklər neft ehtiyatlarının hesabat həftəsində 1,58 mln. barel artacağını ehtimal edirdilər.

EİA-nın hesabatına görə, ABŞ-ın əsas neft terminalı olan "Kuşinq"də neft ehtiyatları 0,1 mln. artaraq 58,5 mln. barelə çatıb. Benzin ehtiyatları isə 2,2 mln. barel və ya 1% azalaraq 223,8 mln. barelə düşüb, halbuki benzin ehtiyatlarının 1,005 mln. barel azalacağı gözlənilirdi. Distillat ehtiyatları öz növbəsində proqnozlaşdırılan 1,7 mln. barel azalmaya qarşı 1,8 mln. barel və ya 1,2% azalaraq 150,6 mln. barelə enib.

"Report"un analitik qrupu bildirir ki, ABŞ-da neft ehtiyatlarının kəskin artmasına səbəb neft qiymətlərinin azalması nəticəsində fəaliyyətini dayandıran qazma qurğularının yenidən işə salınması ilə bağlıdır. Belə ki, işə başlayan qazma quyularının sayı ardıcıl olaraq 18 həftə davam edən artımdan sonra yalnız keçən həftə cüzi azalma göstərib. Mayın 25-də minimal həddə enən aktiv qazma quyularının sayı hazırda 125 ədəd və ya 40% artım göstərib. Bununla da ABŞ-da gündəlik neft hasilatı hesabat həftəsi ərzində 18 min barel və ya 0,21% artaraq 8,522 mln. barelə çatıb.

İsveçrənin "Petromatrix" neft bazarı araşdırmaları gündəlik dərgisinin analitiki Olivye Yakob (Olivier Jacob) qeyd edib ki, son zamanlar neft hasil edən ölkələr tərəfindən açıqlanan məlumatlar bazar oyunçularını OPEC-in hasilatı azaltması prosesinə reallıqda hazır olmadığını göstərir: "Noyabrın 30-da Vyanada keçirilməsi gözlənilən sammitdə razılaşmanın əldə olunması qeyri-müəyyənliklər yaradıb. Hətta razılıq əldə olunsa da, ona əməl olunacağı məlum deyil. Faktiki olaraq hasilat sürətlə artır, qiymətlər isə OPEC sammitinə ümidlərin azalması ilə bağlı aşağı düşür".

"Report"un analitik qrupu neft qiymətlərinin Vyana sammiti gözləntisi ərəfəsində 45 dollar/bareldən aşağı düşməyəcəyini ehtimal edirlər: "Sammitin nəticəsindən asılı olaraq isə qiymətlər ilin sonuna qədər 35-55 dollar/barel diapazonunda dəyişəcək".