EDB: Mərkəzi Asiyanın enerji şəbəkələrində itkilər 20 %-ə çatır
- 25 iyun, 2026
- 09:21
Mərkəzi Asiya ölkələrinin enerji infrastrukturu həm generasiya, həm də şəbəkə təsərrüfatı baxımından əhəmiyyətli dərəcədə köhnəlib.
"Report"un Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (EDB) Analitik işlər üzrə şöbəsinin Sahəvi Təhlil Mərkəzinin baş analitiki Dəmir Kabılbayev bankın illik toplantısı və biznes-forumu zamanı bildirib.
Onun sözlərinə görə, infrastrukturun köhnəlməsi yüksək elektrik enerjisi itkilərinə səbəb olur ki, bu da bəzi hallarda 20 %-ə çatır: "Lakin tələbat artmaqda davam edir. Regionda bərpa olunan enerji mənbələrinin inteqrasiyası üçün manevr güclərinin çatışmazlığı qalır. Elektrik enerjisinin transsərhəd ticarətinin səviyyəsi də nisbətən aşağıdır".
D.Kabılbayev vurğulayıb ki, eyni zamanda, su energetika, kənd təsərrüfatı və içməli su təchizatı ehtiyaclarını təmin edən strateji resurs olduğundan, su-energetika sektoru Mərkəzi Asiya üçün xüsusi əhəmiyyət daşıyır: "Bu, bütün tərəflərin maraqlarının balansını tələb edən son dərəcə həssas məsələdir".
O, həmçinin region ölkələrinin enerji balansının şaxələndirilməsinin aşağı səviyyədə olmasına diqqət çəkib: "Türkmənistanın enerji balansında təbii qazın payı 99 %-ə, Özbəkistanda 74 %-ə, Qazaxıstanda kömürün payı isə 63 %-ə çatır. Tacikistan və Qırğızıstanda hidroenergetikanın payı müvafiq olaraq 92 % və 91 % təşkil edir. Yəni hər bir ölkə əhəmiyyətli dərəcədə bir dominant enerji mənbəyindən asılıdır".
Baş analitikin sözlərinə görə, belə bir struktur texnoloji və geosiyasi riskləri artırır ki, bu da xüsusilə elektrik enerjisinə tələbatın davamlı şəkildə artması fonunda enerji sektorunun şaxələndirilməsini regionun əsas vəzifələrindən birinə çevirir.