Dünya Bankı Azərbaycan hökumətinin yeni enerji layihələri ilə bağlı qərarını gözləyir - EKSKLÜZİV
- 25 sentyabr, 2025
- 14:14

Dünya Bankı gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı Azərbaycan hökumətinin qərarını gözləyir.
Bunu "Report"a açıqlamasında Dünya Bankının energetika üzrə baş mütəxəssisi Florian Kitt Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" tədbiri çərçivəsində bildirib.
"Hazırda Azərbaycanla birgə hazırladığımız böyük layihəmiz (AZURE – red.) var. Biz bu layihə çərçivəsində texniki yardım göstəririk. Biz hökumətlə ölkənin inkişafı üçün prioritet hesab edilən sahələr üzrə fəal əməkdaşlıq edirik. Növbəti addımlar hökumətin investisiya imkanları və Dünya Bankının faydalı ola biləcəyi sahələrlə bağlı qərarlarından asılı olacaq", - o deyib.
F.Kittin sözlərinə görə, əsas qərarlar energetika naziri Pərviz Şahbazov, Nazirlər Kabineti, xüsusən də büdcə prioritetlərini müəyyən edən Maliyyə Nazirliyi səviyyəsində qəbul ediləcək.
O xatırladıb ki, təxminən iki il əvvəl Dünya Bankı Azərbaycan üçün dənizdə külək enerjisi üzrə yol xəritəsi dərc edib.
"Sənəd ölkənin dəniz külək enerjisi üçün nəhəng potensialını nümayiş etdirdi, eyni zamanda bir sıra çətinlikləri də müəyyənləşdirdi. İlk növbədə, bunlar logistik məsələlərdir: dəniz külək turbinləri böyük ölçülüdür və xüsusi çatdırılma həlləri tələb edir. Həm də külək sürətinin praktiki ölçülməsinə başlamaq lazımdır - hələ ki, bizdə Xəzər dənizi üçün yalnız nəzəri məlumatlar var. Eyni sözlər günəş enerjisinə də aiddir: məsələn, Qobustanda günəş çox parlaq saçır, amma alınacaq enerjinin nə qədər olduğunu dəqiq ölçmək vacibdir", - ekspert bildirib.
O qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti quruda küləyin sürətinin ölçülməsi üzrə işləri başa çatdırıb və dənizdə də analoji tədqiqatlar aparılmalıdır.
"Özəl developerlər bununla məşğul ola bilər və biz nəticələri gözləyirik. Mən Dünya Bankının dövlət sektorunu təmsil edirəmsə, bizim özəl sektorla işləyən və şirkətlərlə birbaşa əlaqədə olan həmkarlarımız da var", - F. Kitt izah edib.
Onun sözlərinə görə, Dünya Bankı Azərbaycan hökuməti ilə daimi dialoq aparır və AZURE layihəsinin gedişatını mütəmadi olaraq müzakirə edir.
"Biz energetika nazirinin rəhbərliyi altında müvafiq qurumlarla, həmçinin AREA, "SOCAR Green", SOCAR, "Azərişıq", "Azərenerji" və s. təşkilatlarla texniki dialoq aparırıq", - F.Kitt fikrini yekunlaşdırıb.
Xəbər verildiyi kimi, 2025-ci ilin martında Dünya Bankı Azərbaycanda Bərpa Olunan Enerji Mənbələrinin Genişləndirilməsi Layihəsi (AZURE) üçün 173,5 milyon ABŞ dolları məbləğində krediti təsdiqləyib.
Layihə çərçivəsində 4 iyun 2024-cü il tarixində Bakı Enerji Həftəsi çərçivəsində 445 MVt gücündə "Biləsuvar" GES və 315 MVt-lıq "Neftçala" GES-in təməlqoyma mərasimi keçirilib. Stansiyaların 2027-ci ildə istismara verilməsi planlaşdırılır.
İnşaat işləri tamamlandıqdan sonra dəyəri 670 milyon ABŞ dolları olan bu 760 MVt-lıq günəş elektrik stansiyalarının hər il təxminən 1,7 milyard kilovat/saat təmiz elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Onların istismara verilməsi həmçinin karbon qazı emissiyalarını ildə təxminən 830 milyon ton azaldacaq və illik 380 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək.