Dunay Bədirxanov: "Azərbaycanın zəfəri" peyki təxminən bir il orbitdə olacaq"
- 03 dekabr, 2025
- 10:34
Azərbaycan məktəbliləri tərəfindən hazırlanan "Azərbaycanın zəfəri" peyki təxminən bir il müddətində orbitdə olacaq və əşyaların IoT istiqamətində xidmətlər göstərəcək.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, həmin müddət ərzində davamlı olaraq peykdən məlumatlar alınaraq təhsil sahəsində tətbiq ediləcək: "Bildiyiniz kimi, IoT sahəsi ümumilikdə texnologiyalarda çox yenidir. Belə ki, çox kiçik, güclü, faydalı yüklər vasitəsilə çox böyük bir məlumatlar dünyanın hər yerindən əldə edilə bilər. Bu, peyklər yerləşdiyi 500 kilometr hündürlükdə daimi dövr edərək dünyanın hər yerini gəzə biləcək və orada yerləşdirilmiş IoT sensorlardan məlumatları toplaya biləcək".
D. Bədirxanovun sözlərinə görə, Kosmik Akademiya həm məktəbli, həm də tələbələr üçün bir çox maarifləndirici tədbirlər həyata keçirir: "Bunlardan biri də Azərbaycan Milli Peyk İnnovasiya müsabiqəsidir və bu müsabiqədə 41 məktəbdən 672 şagird iştirak edib. Bunun nəticəsində 297 saylı məktəb qalib gəlib. Onların kiçik peyk layihəsi ən uğurlu hesab edilib və bunun nəticəsində onların peyki "Falcon 9" raketi vasitəsilə orbitə çıxarılıb".
O qeyd edib ki, azərbaycanlı məktəblilərin peykinin orbitə çıxarılması həmçinin Azərbaycanda vacib bir dönəmi qeyd edir: "Belə ki, bu, Azərbaycan üçün ilk təhsil sahəsində hazırlanmış bir peykdir. Dünyada çox az sayda təhsil sahəsində peyklər var və bunların bir çoxu universitet tələbələri tərəfindən hazırlanıb. Azərbaycanda isə ilk təhsil peyklərimiz məhz məktəblilər tərəfindən hazırlanmış olub".