Azərbaycan Türkiyəyə qaz nəqlini 5 %-dək artırıb
- 28 fevral, 2023
- 06:38
2022-ci ilin dekabr ayında Azərbaycan Türkiyəyə 784,39 milyon kubmetr təbii qaz ixrac edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2021-ci ilin dekabr ayı ilə müqayisədə 4,96 % çoxdur.
Bununla da dekabr ayında Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Türkiyənin ümumilkdə idxal etdiyi təbii qazın 13,5 %-i Azərbaycanın payına düşüb.
Ötən il ərzində Türkiyə Azərbaycandan 8 milyard 709,98 milyon kubmetr təbii qaz idxal edib ki, bu da 2021-ci ilin göstəriciləri ilə müqayisədə 1,3 % azdır.
Ümumilikdə isə ötən ilin dekabr ayında Türkiyə 5 milyard 808,85 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2021-ci ilin eyni ayının göstəriciləri ilə müqayisədə 6,07 % azdır.
Dekabrda Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. Həmin ay Rusiyadan Türkiyəyə 2 milyard 041,45 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2021-ci ilin dekabr ayı ilə müqayisədə 1,22 % azdır.
Dekabrda ikinci yerdə İran qərarlaşıb. Bu ölkə dekabrda Türkiyəyə 800,44 milyon kubmetr qaz nəql edib. Bu, 2021-ci ilin dekabr ayı ilə müqayisədə 6,39 % azdır.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.