Cüzeppe Musiko: "Azərbaycan dairəvi iqtisadiyyatı strategiyasına daxil etməlidir"
- 22 sentyabr, 2025
- 17:56

Azərbaycan dairəvi iqtisadiyyatı strategiyasına daxil etməlidir.
"Report" xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin "Emirates Waste to Energy" şirkətinin Biznesin İnkişafı üzrə rəhbəri Cüzeppe Musiko (Giuseppe Musico) Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) deyib.
Onun sözlərinə görə, sürətlə inkişaf edən iqtisadiyyatlar böyümə modelinə dairəvi iqtisadiyyatı daxil etmədən davam edə bilməz: "Dairəvi iqtisadiyyat tullantının idarə edilməsini, tullantını resursa çevirməyi nəzərdə tutur. Biz deyirik ki, tullantılar mühüm resursdur. Bu resursdan yalnız elektrik deyil, buxar, hidrogen istehsalı, metal və qiymətli metalları bərpa etmək üçün də istifadə etmək mümkündür".
G. Musiko qeyd edib ki, Avropa, Yaponiya, Afrika və Yaxın Şərqdə tullantıdan enerji istehsalı ilə bağlı uğurlu nümunələr var: "Biz BƏƏ-nin Şərja əmirliyində ilk tullantıdan enerji istehsalı zavodunu tikmişik. Bu zavod ildə 300 min ton tullantını poliqondan yayındıraraq 30 meqavat elektrik enerjisi istehsal edir. Bu, əks halda zibilxanalara atılacaq tullantının qarşısını alır".
O vurğulayıb ki, tullantıdan enerji istehsalı yalnız elektrik istehsalı deyil, tullantının düzgün idarə olunması prosesinin bir hissəsidir: "Tullantı təkrar istifadəyə və emala yararsız olduqda, onu poliqona yönləndirmək əvəzinə, enerji istehsalında istifadə etmək mümkündür. Bu, istixana effektinə səbəb olan metan qazının qarşısını almağa kömək edir. Tullantıdan enerji istehsalı dairəvi iqtisadiyyatın əsas sütunlarından biridir".
C. Musiko əlavə edib ki, Azərbaycanın bu sahədə təcrübəsi artıq var: "Balaxanı tullantıların idarə edilməsi kompleksi yaxşı nümunədir. Bu model digər regionlarda da təkrarlana və daha da optimallaşdırıla bilər. Azərbaycan ildə 3 milyon tondan çox tullantı istehsal edir və bu, düzgün idarə olunmalıdır".
O, tullantıdan enerji istehsalının sənaye sektoruna inteqrasiyasını da mümkün hesab edir: "Bu konsepsiyanı data mərkəzlərində tətbiq etmək olar. Data mərkəzləri təkcə enerji istehlak etmir, həm də böyük həcmdə soyutma enerjisinə ehtiyac duyur. Bu sahədə hələ ilkin mərhələdə olan, amma gələcəkdə reallaşdırıla biləcək ideyalar üzərində işləyirik. Niyə də bu konsepsiya Azərbaycan kimi inkişaf edən bir ölkədə tətbiq olunmasın?" – deyə C. Musiko bildirib.