"Çıraq" yatağından indiyə qədər hasil edilmiş neft və qazın həcmi açıqlanıb
- 07 noyabr, 2025
- 10:36
Bu il noyabrın 1-nə qədər "Çıraq" yatağından 106,8 milyon ton neft, 24,7 milyard m³ təbii qaz hasil edilib.
"Report" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
"Azərbaycan neft sənayesinin simvollarından sayılan Çıraq platformasından ilk neft hasilatına başlanılmasından 28 il ötür. "Çıraq", "Azəri-Çıraq-Günəşli"dən ilk neft hasil edən platformadır. Cari ildə platformada ümumi hasilat təqribən gündə orta hesabla 21 min barrel təşkil edib", - deyə nazirlik bəyan edib.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), MOL (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.