Cavid Abdullayev: "Enerjinin qiyməti investorlar üçün cəlbedici olmalıdır"
- 29 oktyabr, 2025
- 12:46
Qara dənizin dibi ilə keçəcək kabel vasitəsilə ötürüləcək elektrik enerjisinin qiyməti investorlar üçün cəlbedici olmalıdır.
"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev XIII Beynəlxalq "Caspian Energy Forum 2025" tədbirində bildirib.
Onun sözlərinə görə, Azərbaycanın günəş və külək enerjisinin qiyməti var: "Heç kəs belə hesab etməsin ki, bu, pulsuzdur. Onun qiyməti ödənilməlidir. Hazırda bununla bağlı "Delloitte" şirkəti ilə birlikdə təhlillərimizi yekunlaşdırırıq. Bu təhlillərə həmçinin Mərkəz Asiyadan ötürüləcək elektrik enerjisi üçün Azərbaycanda qurulacaq kabel infrastrukturundan əldə olunacaq vəsaitlər daxildir".
O qeyd edib ki, həm texniki, iqtisadi, həm də vergi məsələləri Qara dənizin dibi keçəcək kabelin fəaliyyətini ağırlaşdırmamalıdır: "Nəticədə kabel vasitəsilə ötürüləcək 1 kilovat/saat elektrik enerjisinin ötürmə qiyməti bəlli olacaq. Həmin ötürmə qiyməti investorlar üçün cəlbedici olmalıdır. Bunlar təbii ki, kompleks məsələlərdir. Bunların arasında çox ciddi bağlantı var".