Cavid Abdullayev: "Ağalı kəndi etalon rolunu oynayır"

Energetika
  • 14 oktyabr, 2025
  • 15:12
Cavid Abdullayev: Ağalı kəndi etalon rolunu oynayır
Cavid Abdullayev

Azərbaycanın işğaldan azad olunmuş əraziləri üçün dayanıqlı həllər və "yaşıl texnologiya"lar baxımından Zəngilan rayonunun Ağalı kəndi etalon rolunu oynayır.

"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi "Baku Build" və 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh – 2025") bildirib.

Onun sözlərinə görə, Ağalı kəndi üzərində bir çox proseslər araşdırılıb, bir çox məsələləri öyrənmək mümkün olub: "Bu gün Ağalı elə bir bençmark (etalon) formalaşdırıb ki, onunla bütün gördüyümüz işləri müqayisə edərək gedən işləri faiz nisbətində göstərə bilirik. Bilirsiniz ki, işğaldan azad olunmuş ərazilər "yaşıl enerji" zonası müəyyən olunub. Biz tədbirlər planını, konsepsiyanı hazırlayanda həmin dövrdə paralel olaraq Ağalıda "ağıllı kənd" qurulurdu. Orada gedən işlərin sürətini, keyfiyyətini, əmələ gələn yeni yanaşmaları görəndə birmənalı olaraq başa düşdük ki, həqiqətən Qarabağımızda "yaşıl enerji" zonası formalaşacaq. Orada dayanıqlı həllər olacaq,ə onların ilk qaranquşu da elə Ağalı kəndidir".

Agentlik sədri Azərbaycanda "yaşıl artım" və "yaşıl enerji" məkanının 2030-cu ilə qədər müəyyən edilmiş 5 prioritetdən biri olduğunu xatırladaraq, həmin istiqamətdə görülən işlərdə Ağalıdakı "Ağıllı kənd"in xüsusi rol oynadığını vurğulayıb: "Yalnız bir faktı qeyd edim ki, COP 29-da Azərbaycanın "yaşıl enerji" sahəsində irəli sürdüyü təşəbbüslərdən biri məhz "yaşıl enerji" zonaları və "yaşıl dəhliz"lərdir. Artıq 70-dən çox ölkə bu və yaxud digər formada həmin təşəbbüsə könüllü şəkildə qoşulub. O, təşəbbüsün də nüvəsində duran həll Ağalı kəndidir. Orada olan ağıllı həllər, o cümlədən Arximed qurğusu, digər aktiv istehlakçıların dəstəklənməsi mexanizmləri Azərbaycanda sistemli şəkildə şəhərsalma praktikasında ilk dəfə məhz həmin kənddə təqdim olunur".

Son xəbərlər

Bütün Xəbər Lenti