Bu il Azərbaycanda neft hasilatı 4 %-dən çox azalıb
- 15 oktyabr, 2025
- 11:28

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 20,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
"Report" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-sentyabr ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bildirilib ki, bu, 2024-cü ilin ilk 9 ayının göstəricisi ilə müqayisədə 0,9 milyon ton və ya 4,2 % azdır.
Bildirilir ki, bu ilin yanvar-sentyabr aylarında respublika üzrə neft hasilatının 12 milyon tonu "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun payına düşüb. Bu, 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə AÇG üzrə neft hasilatı 0,5 milyon ton və ya 4 % azdır.
"Şahdəniz" yatağından 2,9 milyon ton kondensat hasil edilib. Bu isə ötən ilin yanvar-sentyabr aylarının hasilat göstəricisi ilə müqayisədə 0,2 milyon və ya 6,5 % azdır.
Həmçinin, bu müddət ərzində 0,4 milyon tonu (qaz kondensatı) "Abşeron" yatağının payına düşüb ki, bu da illik müqayisədə eynidir.
Hesabat dövründə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 5,4 milyon ton təşkil edib ki, bu da daha əvvəlki ilin 9 ayı ilə müqayisədə 0,2 milyon ton və ya 3,6 % azdır.
Yeri gəlmişkən, "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən oktyabrın 1-nədək 665,1 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli"dən 613,6 milyon ton neft, "Şahdəniz"dən isə 51,5 milyon tona yaxın kondensat çıxarılıb. Bu dövrdə 663 milyon ton neft ixrac edilib.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %), INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) Cənub Qaz Dəhlizi (16,02%) və MVM (5 %) şirkətləri iştirak edir.
"Abşeron" yatağı isə Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır.
"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.