Bu il Azərbaycan Türkiyəyə qaz ixracını 26 % azaldıb
- 29 aprel, 2022
- 08:18
Bu ilin fevral ayında Azərbaycan Türkiyəyə 747,52 milyon kubmetr təbii qaz ixrac edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, ötən ilin fevral ayı ilə müqayisədə 22,63 % azdır.
Bununla da fevral ayında Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Türkiyənin ümumi qaz idxalındakı payının 11,92 %-i Azərbaycanın payına düşüb.
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyəyə 1 milyard 543,84 milyon kubmetr təbii qaz ixrac edib ki, bu da 2021-ci ilin yanvar-fevral ayıları ilə müqayisədə 26 % azdır.
Bu ilin fevral ayında Türkiyə ümumilikdə 6 milyard 272,55 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2021-ci ilin eyni aylarının göstəriciləri ilə müqayisədə 4,5 % çoxdur.
Qeyd edək ki, fevral ayında Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. Fevralda Rusiyadan Türkiyəyə 2 milyard 352,92 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2021-ci ilin fevral ayı ilə müqayisədə 0,97 % azdır.
Fevralda ikinci yerdə ABŞ qərarlaşıb. Bu ölkə fevralda Türkiyəyə 1 milyard 481,66 milyon kubmetr qaz nəql edib. Bu, 2021-ci ilin fevral ayı ilə müqayisədə 99,19 % çoxdur.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.