Bu il AÇG üzrə əsaslı xərclər 6 %-ə yaxın azalıb

Energetika
  • 06 noyabr, 2025
  • 11:42
Bu il AÇG üzrə əsaslı xərclər 6 %-ə yaxın azalıb

Bu ilin ilk üç rübü ərzində BP və tərəfdaşları Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq və Dərinsulu Günəşli" (AÇG) yataqları üzrə fəaliyyətlərə təqribən 388 milyon ABŞ dolları əməliyyat məsrəfləri və 912 milyon ABŞ dollarına yaxın əsaslı məsrəflər xərcləyib.

"Report" xəbər verir ki, bu barədə blokun operatoru "BP-Azerbaijan" şirkətinin əməliyyatçılar adından bu ilin üçüncü rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu ilin ilk üç rübündə AÇG üzrə əməliyyat xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 milyon ABŞ dolları və ya 3,5 %, əsaslı xərclər isə 56 milyon ABŞ dolları və ya 5,8 % azalıb.

AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində ikinci il üçün məlumat toplanması işləri üçüncü rüb ərzində davam edib.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), MOL (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.

Son xəbərlər

Bütün Xəbər Lenti