BP: "Qarabağ" sahəsində mümkün dizel sızmasının ətraf mühitə təsiri minimal olacaq

Energetika
  • 07 noyabr, 2025
  • 16:15
BP: Qarabağ sahəsində mümkün dizel sızmasının ətraf mühitə təsiri minimal olacaq

"Qarabağ" sahəsində seysmik tədqiqatların aparılması zamanı mümkün dizel sızmasının ətraf mühitə təsiri minimal olacaq.

"Report" xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin nümayəndəsi Ülviyyə Seyidməmmədova "Qarabağ" layihəsi çərçivəsində aparılacaq seysmik tədqiqat proqramına dair Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin müzakirəsi məqsədilə keçirilən onlayn görüş zamanı bildirib.

Ü. Seyidməmmədova bildirib ki, "Qarabağ" layihəsi üzrə aparılan Ətraf Mühitə Təsirin Qiymətləndirilməsində (ƏMTQ) seysmik tədqiqatlar zamanı baş verə biləcək qəza halında dizel sızmasının təsirləri modelləşdirilib və nəticələr əsasən dənizdə məhdudlaşacağını göstərib.

Onun sözlərinə görə, ən pis ssenari kimi tədqiqat gəmisində toqquşma nəticəsində yanacaq ehtiyatının tam itirilməsi təxminən 1 000 kubmetr dəniz dizelinin sızması nəzərdən keçirilib:

"Dağılmaların modelləşdirilməsi göstərir ki, sızma halında dizel əsasən dənizdə qalır. Yanacağın səthdən buxarlanması sürətlə baş verir və səthdəki neftin böyük hissəsi 10 gün ərzində dağılaraq yox olur. Dizelin yalnız çox kiçik hissəsinin sahilə çatması mümkündür - material balansı üzrə 0,01 ton, bəzi modelləşdirmələrdə isə maksimum 9 ton".

Ü. Seyidməmmədova qeyd edib ki, sahilyanı qorunan və mühafizə olunan ərazilərə mümkün qalıq təsirlər orta səviyyədə qiymətləndirilib:

"Dizelin təxminən 20 % ehtimalla Abşeron arxipelaqına və Pirallahı körfəzinin dəniz mühafizə ərazisinə çata biləcəyi nəzərə alınıb. Lakin sahilə çata biləcək dizel miqdarı çox az olduğundan, ekoloji təsirin minimal səviyyədə qalacağı gözlənilir".

BP rəsmisi əlavə edib ki, sızmaya qarşı operativ cavab tədbirləri və nəzarət mexanizmləri hazırlanır və bütün potensial risklər nəzərə alınır.

Xatırladaq ki, bu ilin dekabrın 1-də "Qarabağ" layihəsi üzrə seysmik tədqiqat proqramına başlanılacaq. Seysmik tədqiqatın 3,5 ayadək davam edəcəyi planlaşdırılır. Tədqiqat proqramının ikinci mərhələsinin 2026-cı ilin mart ayının ortasından aprelin sonunadək - 1,5 ay müddətində həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2025-ci il iyunun 3-də Bakı Enerji Həftəsi çərçivəsində BP Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu layihədə iştirak payının alınmasına dair müqavilələr imzalayıb. "Qarabağ" yatağı, Bakıdan 120 km şərqdə, "Günəşli" yatağından 20-25 km aralıda, 150-200 metr dərinlikdə yerləşir.

İlkin hesablamalara görə, "Qarabağ" yatağında geoloji neft ehtiyatları 60 milyon tondan artıqdır ki, bunun da 21 milyon ton nefti və 13 milyard kubmetr qazı çıxarıla bilən hesab olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti