BP AÇG-də dərinsulu quyulara sualtı müdaxilə əməliyyatlarına başlayır

Energetika
  • 27 oktyabr, 2025
  • 12:17
BP AÇG-də dərinsulu quyulara sualtı müdaxilə əməliyyatlarına başlayır

BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının "Dərinsulu Günəşli" ərazisində bir çox quyularda sualtı müdaxilə əməliyyatlarına başlamağa hazırlaşır.

Bu barədə "Report"a AÇG yatağının işlənməsi layihəsinin operatoru "BP-Azerbaijan" şirkətindən məlumat verilib.

Bildirilib ki, bu səylərdə əsas məqsədlərdən biri bu dünya səviyyəli yataqda hasilatı gücləndirmək, laylardan maksimum neftverməyə nail olmaq və yatağın istismar müddətini uzatmaqdır.

Bu işlər üçün BP-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə (QDYM) texnologiyası tətbiq olunacaq. "Blue Ocean" dikborusuz müdaxilə sistemi (BORİS) kimi tanınan bu texnologiya "Oceaneering International" şirkətinin sualtı mexaniki tros vasitəsilə quyuya müdaxilə sistemidir. Bu innovativ yanaşma təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının səmərəli tədqiqinə və erkən aşkarlanmasına imkan verəcək və bununla da yatağın bundan sonrakı potensialının üzə çıxarılmasına kömək edəcək.

Yarımdalma qazma qurğularından asılılığı azaltmaq və sualtı müdaxilələrin daha erkən həyata keçirilməsini təmin etmək üçün bu proqram Xəzərdə ilk dəfə tətbiq olunan daha bir yenilikdən - gəmidən icra olunan müdaxilə üsulundan istifadə edəcək. Bu o deməkdir ki, QDYM sistemi gəmi üzərinə inteqrasiya ediləcək və bütün quyu müdaxilələri birbaşa həmin gəmidən icra olunacaq. "Xankəndi" sualtı tikinti gəmisi bu əməliyyatlar üçün ən uyğun texniki baza kimi seçilib.

BP şirkəti bu proqramın təhlükəsiz və səmərəli icrası üçün artıq iki əsas müqavilə imzalayıb:

Bunlardan birincisi, QDYM xidmətləri üçün "Oceaneering International" şirkəti ilə çoxmilyonluq müqavilə. Bu müqaviləyə BORİS sisteminin gəmidə yerləşdirilməsi, yığılması və sınaqdan keçirilməsi, həmçinin layihənin idarə olunması, mühəndislik işləri, sistemlərin inteqrasiyası və BORİS-in tətbiqi üçün tələb olunan avadanlıqların, materialların və inşa işlərinin təmin edilməsi daxildir.

Digər müqavilə isə QYM (Quyuya Yüngül Müdaxilə) xidmətləri üçün SLB şirkəti ilə çoxmilyonluq müqavilə. Bu müqaviləyə ağır yüklərin qaldırılması işlərini ləğv etmək və "qırmızı zona"nın idarə olunmasını sadələşdirmək üçün kombinə edilmiş troslu/təkxətli (Combo) qurğunun təmin edilməsi, dövr etmə və təzyiq sınaqları üçün yüksək təzyiqli nasos işlərinə qadir təzyiq/maye boşaltma avadanlığı paketi, eləcə də bu işlər üçün tələb olunan çoxprofilli işçi heyətlərin təmin edilməsi daxildir.

Bu proqram çərçivəsində dəniz əməliyyatlarının bu ilin sonunadək başlanacağı və 2026-cı ilin sonunadək bitəcəyi gözlənilir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyu əməliyyatları üzrə vitse-prezidenti Rassel Morris hesab edir ki, QDYM texnologiyası - xüsusilə də "Dərinsulu Günəşli" ərazisindəki quyulara BORİS sisteminin tətbiqi - sualtı suvurma quyularını daha yaxından izləməyə, lay təzyiqinin idarə olunması və hasilatın gücləndirilməsi üçün ən perspektivli imkanları müəyyən etməyə imkan verəcək: "BP-nin qlobal əməliyyatlarında həyata keçirdiyimiz oxşar proqramlardakı təcrübəmizdən istifadə etməklə Xəzərdə ilk dəfə tətbiq edəcəyimiz gəmidən aparılacaq quyu müdaxilələrindən çox faydalanacağımıza inanırıq. Bu, qazma qurğularından asılılığımızı azaldacaq və imkanların erkən aşkarlanmasını mümkün edəcək. Bütün bunlar bizim sualtı əməliyyatlar aparmaq qabiliyyətimizi və imkanlarımızı xeyli artırır və Xəzərdə sualtı quyularların idarə olunması işlərində yeni səhifə açır".

Son xəbərlər

Bütün Xəbər Lenti