BP Azərbaycanda yeni rəqəmsal nəzarət platforması tətbiq edib
- 11 dekabr, 2025
- 10:54
BP Azərbaycanda boru kəmərlərinin təhlükəsizliyini artırmaq məqsədilə yeni rəqəmsal nəzarət platforması - "Abriox Remote Monitoring System" (RMS) tətbiq edib.
"Report" xəbər verir ki, bunu "BP Exploration (Caspian Sea) Ltd"-nin korroziya və materiallar üzrə mühəndisi David Beşitadze Bakıda keçirilən "Asset Integrity, Corrosion and Coatings Conference 2025" tədbirində bildirib.
Onun sözlərinə görə, RMS sistemi boru kəmərlərindəki elektrik göstəricilərini və transformator -düzləndirici qurğuların fəaliyyətini real vaxtda izləməyə imkan yaradır və təhlükəsizlik baxımından ciddi üstünlüklər təmin edir: "RMS bizə boru kəmərlərindəki dəyişiklikləri anında görməyə və riskləri vaxtında aşkarlamağa imkan verir. Bu sistem sayəsində həm təhlükəsizlik güclənir, həm də operativ qərarvermə daha effektiv olur".
O əlavə edib ki, yeni monitorinq texnologiyası mühafizə göstəricilərinin daha dəqiq toplanmasına və anormal vəziyyətlərin dərhal müəyyən edilməsinə şərait yaradır: "Hazırda RMS sistemi BP-nin Azərbaycan ərazisindən keçən əsas boru kəmərlərində tətbiq olunur və şirkətin boru kəmərlərinin bütövlüyünün qorunması strategiyasında mühüm yer tutur".