BP AÇG-dən hasilatın həcmini açıqlayıb
- 06 noyabr, 2025
- 11:56
Bu ilin üç rübü ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq və Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunda gündəlik hasilat orta hesabla 327 min barel və ya ümumilikdə təxminən 89 milyon barel, yəni 12 milyon ton olub.
"Report" xəbər verir ki, bu barədə blokun operatoru "BP-Azerbaijan" şirkətinin tərəfdaşlarla birgə bu ilin ilk üç rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Məlumata görə, üç rüb üçün AÇG-dən ümumi hasilat – "Çıraq" (21 min barel), "Mərkəzi Azəri" (88 000 barel), "Qərbi Azəri" (75 000 barel), "Şərqi Azəri" (43 min barel), "Dərinsulu Günəşli" (52 000 barel), "Qərbi Çıraq" (24 000 min barel) və "Mərkəzi-Şərqi Azəri" (ACE) (24 000 barel) platformalarından təşkil edib.
Bu ilin üç rübündə AÇG-dən hasilatın həcmi ötən ilin müvafiq dövründən 12 min barel və ya ümumilikdə təxminən 4 milyon barel və ya 4,5 % azdır.
Fevralın 18-i AÇG layihəsi "Mərkəzi Azəri" platformasından ilk neftin əldə olunmasının 20 illiyini qeyd edib. İndiyədək bu platformadan ümumilikdə 1,2 milyard barel (155 milyon ton) neft hasil edilib.
Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 145 neft hasilatı quyusu, 48 su injektoru quyusu və 10 qaz injektoru quyusu istismarda olub.
İlin üç rübü ərzində AÇG-də 6 neft hasilat, 4 su injektor və 1 qaz injektor quyusu qazılıb tamamlanıb.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), MOL (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.