BOTAŞ və "Woodside Energy" LNG-nin ABŞ-dən uzunmüddətli tədarükü barədə razılaşıblar
- 24 sentyabr, 2025
- 11:48

Türkiyənin BOTAŞ dövlət neft-qaz şirkəti və Avstraliyanın "Woodside Energy" şirkəti Nyu-Yorkda Türkiyəyə uzunmüddətli mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü haqqında saziş imzalayıblar.
"Report"un məlumatına görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkəsində yazıb.
Sazişə əsasən, BOTAŞ şirkətinə başlıca olaraq ABŞ-nin "Louisiana LNG" layihəsindən təxminən 5,8 milyard kubmetr təbii qaz ekvivalentində LNG tədarük ediləcək. Tədarüklər 2030-cu ildə başlayacaq və 9 il davam edəcək.
"Ümid edirəm ki, BOTAŞ və "Woodside" arasındakı bu yeni tərəfdaşlıq çoxşaxəli əməkdaşlıq üçün yol açacaq", - nazir qeyd edib.
ABŞ-nin "Louisiana LNG" layihəsi 2024-cü ildə "Woodside Energy" şirkəti tərəfindən alınıb.
Layihə ilkin mərhələdə hər biri ildə 5,5 milyon ton LNG istehsal edən üç sıxlaşdırma xəttini (cəmi ildə 16,5 milyon ton) nəzərdə tutur, gələcəkdə isə ildə bu 27,6 milyon tona qədər genişləndirilə (5 sıxlaşdırma xətti) bilər.
İlk LNG partiyasının 2029-cu ildə istehsal edilməsi gözlənilir. Müəssisə bazara ildə təxminən 24 milyon ton LNG tədarük edəcək. Bu da qlobal təchizatının 5 %-dən çoxunu təşkil edəcək.