"Bahar" yatağına investorların cəlbinə başlanılır

Energetika
  • 26 dekabr, 2025
  • 14:03
Bahar yatağına investorların cəlbinə başlanılır

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Bahar" yatağı üzrə payların qismən (60-70 %) investorlara ötürülməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən strateji yol xəritəsi hazırlanıb.

Bu barədə "Report" "Bahar" və "Qum-Dəniz" yataqlarının operatoru olan "Bahar Energy Operating Company Limited"ə (BEOC) istinadən xəbər verir.

Məlumata görə, yol xəritəsi çərçivəsində 2026-cı ilin birinci rübündə investorların cəlb olunması istiqamətində işlər davam etdiriləcək.

Xatırladaq ki, "Bahar" və "Qum-Dəniz" yataqlarının idarəçiliyi üzrə pay bölgüsündə dəyişiklik edilib və 15 avqust 2025-ci il tarixindən etibarən BEOC-da payların 100 %-i Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən alınıb. Bununla da layihə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) əsasında SOCAR-ın idarəçiliyinə keçib.

Qeyd edək ki, "Bahar" yatağı 1968-ci ildən, "Qum-Dəniz" yatağı isə 1955-ci ildən istismar olunur. Hər iki yataq Azərbaycanın enerji sənayesində strateji əhəmiyyətə malikdir. "Qum-Dəniz" yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasının cənubunda yerləşən Qum adasından başlayaraq təxminən 12 km dəniz istiqamətində uzanır. "Bahar" yatağı isə sahildən təxminən 20 km məsafədə yerləşir.

Son xəbərlər

Bütün Xəbər Lenti