"Azəriqaz" Qaxın Əmbərçay kəndinin nə vaxt qazlaşacağına aydınlıq gətirib

Energetika
  • 26 sentyabr, 2025
  • 14:44
Azəriqaz Qaxın Əmbərçay kəndinin nə vaxt qazlaşacağına aydınlıq gətirib

Mövcudluğu ərzində təbii qaz üzü görməyən Qax rayonunun Əmbərçay kəndinin əhalisi problemin həllini gözləyir.

Bu barədə "Report"un Şimal-qərb bürosuna kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, əhalisi 650 nəfərdən çox olan Əmbərçay kəndinin hələ də qazlaşmaması sakinləri ciddi çətinliklərlə üz-üzə qoyur. Qaz olmadığı üçün odundan istifadə məcburiyyəti isə onların büdcəsinə təsirsiz ötüşmür. Sakinlər bildiriblər ki, bir maşın odunun qiyməti 450-500 manatdır. Belə olduqda, qışdan yaza çıxmaq üçün tələb olunan həcmdə odun tədarükü üzvlərinin sayından asılı olaraq bir ailəyə 1000-1500 manata başa gəlir.

Kənd sakini Elçin Abdurzayev "Report"un yerli bürosuna deyib ki, Əmbərçayın əsas problemi təbii qazın olmamasıdır:

"62 yaşım var, tələbəlik illərini çıxsaq, bütün həyatım burada keçib. Ağlım kəsəndən bəri həmişə qaz problemi ilə üzləşmişik. Çünki kənd qazlaşdırılmyıb. Təsəvvür edin, Azərbaycanda yeganə damazlıq-ipəkçilik mərkəzi bizim kənddədir. Qaz xətti bizdən cəmi 7 kilometr məsafədən keçsə də, Əmbərçaya qaz çəkilmir. Bir maşın odunu azı 450 manata almağa məcbur oluruq. Qışı ötüşdürmək üçün heç olmasa, iki maşın odun almaq lazımdır. Bu da sakinlərinin çoxunun imkanı xaricindədir".

Kəndin digər sakini Fayə Mustafayeva da yanacaq tələbatının ödənilməsi üçün kifayət qədər odun almağa imkanlarının olmadığını vurğulayıb:

"Qaz yoxdur, oduna isə pul çatdıra bilmirik. Həyat yoldaşım yeddi ildir xəstədir, uşaqlar məktəbə gedir. Qazın olmamasından çox əziyyət çəkirik. Yayda da qışdakı qədər odun işlədirik. Xörəyimizi də, çörəyi də ocaqda bişiririk, hər şeyi odunla edirik".

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev "Report"un yerli bürosuna bildirib ki, təmsil etdiyi qurum regionlarda qazlaşma prosesini öz resursları hesabına həyata keçirir:

"O baxımdan, bu işdə mərhələlik prinsipi qorunur. Qax rayonunun Əmbərçay kəndinin qazlaşmasına da "Azəriqaz" İstehsalat Birliyinin maliyyə imkanlarından asılı olaraq növbəti mərhələlərdə baxıla bilər".

Son xəbərlər

Bütün Xəbər Lenti