Azərbaycanda "yaşıl enerji"nin quraşdırılmış gücdə payı 38 %-ə yüksəldiləcək
- 20 oktyabr, 2025
- 10:03

Azərbaycanın planları 2030-cu ilədək bərpa olunan enerjinin quraşdırılmış gücdə payını 38 %-ə yüksəltməkdir.
"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü ilə bağlı rəsmi qəzetdə dərc edilmiş məqaləsində deyilir.
Nazir bildirib ki, bu məqsədlə tərəfdaşlarla imzalanmış müqavilələr çərçivəsində quruda və dənizdə əlavə 700 MVt gücün yaradılmasına da enerji sisteminin inteqrasiya imkanları və dayanıqlılığının təmin olunması baxımından yanaşılır: "Bu istiqamətdə Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə elektrik enerjisi ötürmə şəbəkəsinin tədqiqi sahəsində əməkdaşlıq edirik. Tədqiqat çərçivəsində ötürücü şəbəkə üçün texnoloji və iqtisadi baxımdan optimal həllərin müəyyən edilməsi məqsədilə ilk mərhələdə bərpa olunan enerji üzrə potensial tələbat qiymətləndiriləcək, növbəti mərhələdə isə generasiya güclərinin şəbəkəyə inteqrasiya imkanları təhlil olunacaq".
P.Şahbazov qeyd edib ki, daxili tələbatın təminatı məqsədilə bərpa olunan enerji mənbələrinin inkişafına bu cür ehtiyatlı və mərhələli yanaşma isə enerji təhlükəsizliyinə dair məsuliyyətli mövqeyimizin təzahürüdür.