Azərbaycanda Xəzər dənizinin suyundan hidrogen layihələrində istifadənin çətinlikləri açıqlanıb
- 26 sentyabr, 2025
- 11:20

Hidrogen istehsalında Xəzər dənizinin suyundan istifadə əlavə xərclər tələb edir.
"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.
"Bizim nöqteyi-nəzərimizdən, hidrogenlə bağlı aparılan araşdırmalarda suyun istifadəsi aspekti də vacibdir, çünki Azərbaycan üçün sudan səmərəli istifadə xüsusilə önəmlidir. Bizim araşdırmamıza görə, Xəzər dənizinin suyundan istifadə etmək olar. Bəli, bu, şor sudur və açığı, yumşaq deyil, ona görə də təmizlənməsi lazımdır. Bu isə əlavə xərclər deməkdir. Bundan başqa, duzlu su ilə bağlı problem yaranır, onu Xəzər dənizinə geri axıtmaq olmaz, çünki orada artıq bir çox ekoloji problemlər mövcuddur", - o qeyd edib.