Azərbaycanda neft məhsullarının rüblük istehsal həcmi açıqlanıb

Energetika
  • 15 aprel, 2026
  • 09:44
Azərbaycanda neft məhsullarının rüblük istehsal həcmi açıqlanıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 587,3 min ton dizel yanacağı istehsal edilib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 6,2 % çoxdur.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 1 milyard 283,7 milyon manat olmaqla, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 % azalıb.

Ötən 3 ay ərzində Azərbaycanda 10 min ton mazut istehsal edilib. Bu göstərici 2025-ci il ilin ilk üç ayı ilə müqayisədə 76,4 % azdır.

Ötən 3 ay ərzində Azərbaycanda 360,5 min ton avtomobil benzini istehsal edilib ki, bu göstərici də ötən ilin yanvar-mart ayları ilə müqayisədə 7,3 % çoxdur.

Hesabat dövründə 8,4 min ton sürtkü yağları, 33,4 min ton neft bitumu istehsal edilib. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə Azərbaycanda sürtkü yağlarının istehsalı 8,7 %, neft bitumunun istehsalı isə 17,3 % azalıb.

Həmçinin, hesabat dövründə ölkədə 46,8 min ton maye qazlar, 125,8 min ton ağ neft, 61,9 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda neft koksunun istehsalı 35,4 % artıb, ağ neftin istehsalı 15,5 %, maye qazların istehsalı isə 17,8 % azalıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.