Azərbaycanda enerji sahəsində 3 layihə AZSTAND-a təqdim olunacaq
- 22 oktyabr, 2025
- 10:05

Azərbaycanda elektroenergetika və bərpa olunan enerji sahəsində standartlaşdırılma üzrə 3 layihənin təkmilləşdirilməsi və təsdiqi üçün Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutuna (AZSTAND) təqdim olunacaq.
"Report" AZSTAND-a istinadən xəbər verir ki, bu barədə qərar Standartlaşdırma İnstitutunun təsis etdiyi "Elektroenergetika və bərpa olunan enerji" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 46) növbəti iclasında müzakirə olunub.
İclasda AZS ISO 50002 "Enerji auditləri - İstifadəyə dair təlimatla birlikdə tələblər", AZS ISO 50006 "Enerji menecmenti sistemləri - Enerji performans göstəriciləri və cari enerji göstəricilərindən istifadə edərək enerji performansının qiymətləndirilməsi" və AZS ISO 50010 "Əməliyyatlarda sıfır enerji hədəfinə çatmaq üçün ISO 50001 enerji idarəetmə sistemini istifadə edərək enerji idarəetməsi və enerji qənaəti - Rəhbərlik" dövlət standartı layihələri müzakirə olunub.
Həmçinin təqdim edilən standartların məzmunu, tətbiq mexanizmləri və enerji idarəetməsi sahəsində istifadəsinin üstünlükləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, beynəlxalq ISO standartlarının milli səviyyədə tətbiqi enerji auditlərinin keyfiyyətinin yüksəldilməsinə, müəssisələrdə enerji performansının dəqiq qiymətləndirilməsinə və enerji səmərəliliyi hədəflərinə nail olunmasına mühüm töhfə verəcək.